17:10
Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.
Bu barədə TƏBİB-dən Saglamolun.az-a məlumat verilib.
Bildirilib ki, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.
Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.
15:45
Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir. 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Tibb Universitetinin tələbəsidir.
TƏBİB-dən Saglamolun.az-a verilən məlumata görə, yaralananların hər ikisinin vəziyyəti orta-ağırdır, stabil qiymətləndirilir.
15:32
Əldə edilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.
15:24
Bakıdakı hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar —- 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.
15:07
Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Bu barədə Saglamolun.az-a TƏBİB-dən bildirilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
15:00
Bakıda silahlı insident olub.
Sağlamolun.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
İnsident zamanı silahlı şəxs və şəxslərin iki nəfəri güllələdiyi iddia edilir.
DİN Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.
Araşdırma aparılır.
Saglamolun.Az