Dünyada 3 milyona yaxın xəstə böyrək əvəzləyici müalicə (BƏM) alır və bu sayın 2030-cu ilə qədər 5-10 milyona çatması gözlənilir.
Hazırda Azərbaycanda 3 min 678 nəfər dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 54 hemodializ mərkəzi 700 dializ aparatı ilə təchiz olunub.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nefroloq Hikmət İsmayılov deyib.
Həkim onu da qeyd edib ki, böyrək əvəzləyici müalicəyə hemodializ, periton dializi, böyrək transplantasiyası və son vaxtlar sınaqdan keçirilən qarın boşluğuna implantasiya oluna bilən süni böyrək (implantable artificial kindey) aiddir. Əgər xəstənin yaşı, əsas xəstəliyi və s. uyğundursa, böyrək köçürülməsi ən uyğun böyrək əvəzləyici müalicə növü hesab olunur. Böyrək transplantasiyasının əsas üstünlüyü ondan ibarətdir ki, əməliyyatdan sonra xəstənin orta ömür müddəti əhəmiyyətli dərəcədə yüksəlir.
Mütəxəssis bildirib ki, hemodializ alan xəstələr 3D prinsipinə (dializ, dərman, diyeta) əməl etməlidirlər. İlk növbədə, təyin olunmuş hemodializ seanslarına vaxtında getməlidirlər. Bu, adətən həftədə 3 dəfə olmaqla 4 saat aparılır. Hemodializ dozası 12 saatdan az olmamalıdır. Konservativ müalicənin əsas prinsiplərinə aiddir: əsas xəstəliyin düzgün korreksiyası, turşu-qələvi və elektrolit balansının tənzimlənməsi, antianemik dərmanlar, diuretiklərdən istifadə, az zülallı pəhriz. Hemodializ alan xəstələrə duzlu və yağlı yeməklər, ət, balıq və göbələk bulyonları, hisə verilmiş, qurudulmuş ət, balıq və kolbasa məhsulları, quru meyvələr, çərəzlər (qoz, findıq, badam, fisdıq və s.) qidaların qəbulu qadağan edilməlidir.
Saglamolun.Az