İcbari tibbi sığorta: Xidmət Zərfində dəyişikliklər olacaq

“İcbari tibbi sığorta 2021-ci ildən ölkə ərazisində tam tətbiq edilir. 2023-cü ildə dövlət büdcəsindən icbari tibbi sığorta üçün 1 milyard 263 milyon manat ayrılması nəzərdə tutulur”.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, icbari tibbi sığorta üzrə Xidmət Zərfində bir sıra dəyişikliklər nəzərdə tutulur.

“Bura oftalmoloji əməliyyatlar, orqan köçürmələri, ürək-damar əməliyyatlarının keçirilməsi və protezləşdirilməsinin artırılması daxildir. Amma bütün bunlar limitli şəkildə olmalıdır. Biz aidiyyəti qurumlara təkliflər vermişik və onlardan müvafiq cavablar gözləyirik”, - deyə Zaur Əliyev əlavə edib.

Zaur Əliyev bildirib ki, 2023-cü il üçün Agentliyinin gəlirləri 2,4 milyard manat məbləğində proqnozlaşdırılır.

Saglamolun.Az