Xəbər verdiyimiz kimi, Azərbaycanda 13 yaşlı qız dünyaya uşaq gətirib.
Lent.az-ın əldə etdiyi məlumata görə, dünyaya gələn uşağın atasının da 15 yaşı var. Bundan başqa 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. Qız illər əvvəl öz atasını itirib. Hazırda ögey ata ilə yaşayırmış.
Ailənin çox kasıb olduğu və butulka sataraq çörəkpulu əldə etdikləri deyilir.
Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda olan əməkdaşımıza bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır.
*** 11:35
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"un sorğusuna cavab olaraq bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılır.
Onun sözlərinə görə, hadisə ilə bağlı aidiyyatı qurumlarla birlikdə araşdırmalara başlanılıb.
T.Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapacağı təqdirdə məsələyə hüquqi qiymət veriləcək.
*** 10:37
Bildiyimiz kimi, günü ölkədə 13 yaşlı qızın təcavüz nəticəsində ana olması xəbəri ilə açdıq. Hazırda baş vermiş faciə araşdırılır. Qeyd edək ki, məlumata görə, uşağın da ananın da vəziyyəti yaxşıdır.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Lent.az-a açıqlamasında bildirib ki, 13 yaşlı qızın anası həm öz qızından, həm də nəvəsindən imtina edib. Qız isə sığınacağa yerləşdirilməsi üçün müraciət edib.
Baş vermiş hadisə sosial şəbəkədə insanların da qəzəbinə səbəb olub.
*** 09:36
Azərbaycanda 13 yaşlı qız ana olub.
32gun.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Onun sözlərinə görə, uşaq dünən ev şəraitində dünyaya gəlib və xəstəxanaya yerləşdirilib.
Ağazadə bildirib ki, doğulan uşaq sağdır. Azərbaycan Uşaqlar Birliyinin sədri uşağın təcavüz nəticəsində doğulduğunu bildirib.
Saglamolun.Az