“Qaz sayğaclarının sərfiyyatı artıq yazması ilə bağlı şikayətlər çoxalıb. Xüsusilə də son illər qoyulan sayğacların daha tez “fırlanması” iddia edilir.
Hesab edirəm ki, vətəndaşlar şikayətlərin əsaslı olub-olmaması ilə bağlı dəqiqləşdirilmənin aparılması üçün müvafiq quruma müraciət etməlidirlər. Müvafiq qurum isə vətəndaşın müraciətinə uyğun sayğacı nəzarət yoxlaması üçün götürməli və laboratoriyada yoxlanışdan keçirməlidir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, sayğacın düzgün hesablayıb-hesablamadığını yerindəcə müəyyənləşdirilməsi üçün kontrol sayğaclardan istifadə etmək olar: “Ən yaxşı variant isə abonentlərin smart qaz sayğacları ilə təmin edilməsidir. Əgər smart qaz sayğacları quraşdırılarsa, sayğacın artıq yazılması şübhəsi də aradan qalxmış olar. Onu da qeyd etmək lazımdır ki, vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən biri də qaz limiti ilə bağlıdır. Qaz limitinin aşağı salınması və havanın soyuq keçməsi ilə əlaqədar vətəndaşlar təbii qaz üçün daha çox vəsaitin sərf etməyə məcbur qalıblar. Fikrimcə, qaz limiti tətbiq olunarkən dağlıq rayonlarla aran rayonları fərqləndirmək lazım idi. Çünki dağlıq rayonlarda qış daha sərt keçir və soyuq havaların müddəti daha uzun çəkir. Yəni, dağlıq rayonların sakinləri soyuq iqlim şəraitinə görə daha çox qaz sərf etməyə məcburdurlar. Ümumiyyətlə, qaz limiti ləğv olunarsa, daha yaxşı olar. Bunun üçün orta qiymət formalaşdıraraq limit məsələsini aradan qaldırmaq olar!”.
Saglamolun.Az