“Pensiya təminatı klassik anlamda işləyənlərin vəsaiti hesabına pensiyaçıların saxlanılmasıdır. Qanunda pensiyada qalma müddəti 12 il götürülür.
Əgər BMT-nin hesabatında Azərbaycanda orta yaş həddi 72-dirsə, təxminən 6-7 il pensiyada qalma müddəti var”.
Bu barədə “Margin.az”a hüquqşünas Seymur Yusifli açıqlama verib.
Onun sözlərinə görə, 2017-ci ildən əvvəl pensiya yaşı qadınlarda 60, kişilərdə isə 63 idi:
“Bu dövrdə əhali daha çox maddi mənfəət əldə edirdi. Yəni, pensiya yaşına çatmış səxlərin sayı daha çox idi. Onlar daha çox pensiya ala bilirdilər. 2017-ci ildən sonra (pensiya yaşı artırıldıqdan sonrakı dövr) əhalinin gəlir əldə edən təbəqəsinin sayı (Dövlət Statistika Komitəsi ilə müqayisə ediləndə) daha aşağı enib. Təbii ki, bu, əhalinin marağına xidmət edə bilməz”.
Hüquqşünas bildirib ki, 60 yaş dövründə insanların daha çox diqqət və qayğıya ehtiyacı olur: “Bu mənada qadınların daha çox bu diqqətə ehtiyacının olduğunu da nəzərə alsaq, kişilərlə qadınların pensiya yaşının fərqləndirilməsi zəruridir.
Hesab edirəm ki, Azərbaycanda BMT-nin hesabatlarında orta yaşam həddinin müddətini nəzərə almaqla qadınlar üçün pensiya yaşının 60, kişilər üçün isə 62 yaş müəyyən edilməsi daha məqsədə uyğundur”.
Əlavə edək ki, Milli Məclisin deputatı Fəzail Ağamalı pensiya yaşının kişilər üçün 60, qadınlar üçün 50 edilməsini təklif edib.
Saglamolun.Az