Bakıda şəkərli diabet xəstələrinə dərman niyə verilmir? VİDEO

Bu xəbərimiz şəkərli diabet xəstələrinə pulsuz verilməli olan dərmanlarla bağlıdır. "Xəzər Xəbər"in votsap nömrəsinə şikayət edən vətəndaşlar 4 saylı şəhər poliklinikasının imtiyazlı aptekindən şəkər dərmanı ala bilmədiklərini bildiriblər. Əməkdaşlarımız həmin ünvanda olublar.

Novruz Qurbanəliyev Bakı şəhər 4 saylı poliklinikadan şəkər dərmanlarını vaxtı-vaxtında ala bilməməkdən şikayət edir. O iddia edir ki, bu ilin əvvəlindən dərmanların verilməsində ciddi ləngimələr yaşanır, mart ayının əvvəlindən isə ümumiyyətlə dərman ala bilmirlər. Dərman almaqda problem yaşayan təkcə Novruz Qurbanəliyev deyil, Şakir Qasımov da eyni problemdən əziyyət çəkdiyini deyir.

Çəkiliş apardığımız 4 saylı poliklinikanın nəzdində fəaliyyət göstərən imtiyazlı aptekdə pulsuz dərman üçün gələn hər kəs eyni cavabı eşidir. Elə telefonlar da susmur: eyni sual, eyni cavab.

Aptekin müdiri də təsdiq edir ki, tələbata uyğun sayda dərman göndərilmədiyi üçün bu ilin əvvəlindən başlayan pulsuz dərman çatışmazlığı indi daha çox hiss olunur.

Şəkərli diabet xəstələrinin pulsuz dərmanla təminatında yaranmış problemlə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, hazırda qeydiyyatda olan şəkərli diabet xəstələri ilə yanaşı, ilin sonuna qədər yeni qeydiyyata alınacaq xəstələrin də ehtiyacları nəzərə alınaraq tender keçirilib. Qısa müddət ərzində bütün dövlət tibb müəssisələrinin şəkərli diabetlə bağlı dərman preparatları ilə təminatı həyata keçiriləcək. Artıq təchizatçılarla müqavilə bağlanıb və təchizata başlanıb.

Saglamolun.Az