Qayınanasına “mama” deyən kişilər

Kubra Məhərrəmova yazır...

Bütün istisnaları kənara qoyaraq ümumi götürəndə bizim cəmiyyətin əsas intellekt səviyyəsi çayxana və qadın salonlarında özünü büruzə verir.

Yəni toplum olaraq atom parçalamaq, genetik xəstəliklərin öyrənilməsi və ya ədəbiyyat üzrə Nobel mükafatına iddialı olan deyilik. Bizim üçün ən uğurlu layihə altı “moyka”, üstü çayxanadır. Elə ən böyük xəyal da...

Yenə də altından qırmızı xətt çəkərək yazıram, istisnalar kənar.

Və bu toplumun çox maraqlı xüsusiyyəti var. Əvvəllər çayxanada danışılanlar bu gün sosial şəbəkələrdə müzakirə olunur.

Çox vaxt da elə çayxanada qəlyan çəkərək əlində telefon yazırlar. Bir az oyan-bu yan olan kimi də çağırırlar “söhbətə”. Çox hallarda da bu “söhbət” polis bölməsində bitir. “Söhbət edənlər” də sonda kamera qarşısında bütün Azərbaycan xalqından üzr istəyir. Xoşbəxt sonluq budur. Bəzən ölüm-itim də olur.

Heç kimə sirr deyil ki, qayınanasına “mama” deyən kişilər bizim cəmiyyətdə birmənalı qarşılanmır. Və müəyyən tipə aid olunur. Həm də adamın bir dənə “maması” olar prinsipi.

Nə isə. Məhz qayınanasına “mama” deyən kişilər nə möcüzədirsə, sosial şəbəkələrdə olurlar şir-aslan. Sonra olurlar politoloq, geosiyasi məsələlər üzrə ekspert, hərbçi, sosioloq, hüquqşünas, virusoloq və s. Sadəcə dərd odur ki, bu “mütəxəssislər” adını, soyadını doğru-düzgün yaza bilmir.

Xalq olaraq möhtəşəm olsaq da, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazsaq da, bir dərdimiz var ki, ondan xilas ola bilmirik.

Savadsızlıq və vedrə qoşmaqdan.

Şuşa azad olunandan sonra “vedrə qoşanlar” toplumu başladı ki, niyə Xankəndiyə getmədik? Niyə filan şey elə oldu? Və s.

Halbuki, hadisədən bircə il əvvəl hamısı deyirdi ki, Qarabağ getdi, boş verin. Cənablar, nə oldu bəs? Qarabağ ki, Azərbaycandır!

Bəzən adama elə gəlir ki, içimizdə elələri var ki, Paşinyandan daha çox ermənidir. Paşinyanın adını çəkən kimi gəlib vəkillik edir ona. Qalırsan mat-məəttəl ki, ay vətəndaş sən dəqiq azərbaycanlısan? Yoxsa Paşinyanın bacısı oğlu?

Dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü olub. Və bəyan oldu ki, Zəngəzur dəhlizi çərçivəsində dəmir yolu da fəaliyyət göstərəcək.

Bunu Ermənistanın baş naziri öz “Twitter” səhifəsində də yazıb. Paşinyan: “Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş zamanı biz Azərbaycan Prezidenti ilə dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılığı təsdiqlədik”.

Bu xəbərdən sonra ermənilər qalıb bir tərəfə bizim “hərşeyşünaslarımız” özlərini sosial şəbəkələrdə həlak edir ki, “Bəs nə oldu dəhliz? Ancaq yol verib. Xankəndidə də həmişə rusiyalı sülhməramlılar olacaq, ermənilər heç yerə gedən deyil, biz elə də bilirdik, deyirdik”.

Ölkə başçısı hər zaman deyib ki, Xankəndidə olan ermənilər Azərbaycan vətəndaşıdır. Və bu zamanla hüquqi həllini tapacaq.

İkincisi də Zəngəzur dəhlizi bu gün daha böyük güclərin maraq dairəsində olan layihədir. Bu gün bu məsələdə həm regional oyunçular, həm də Avropa maraqlıdır. Yəni bu erməninin həll edə biləcəyi məsələ deyil. Heç mifik erməni diasporunun da.

Uzun sözün qısası, ermənidən çox erməni olmağa ehtiyac yoxdur. Elə qayınanasının sözünü iki etməyən kişilər də getsinlər qayınatanın aldığı avtomobilləri sürsünlər. Çayxanada qəlyan çəkib “Instagram”a, “TikTok”a baxsın. Saakaşviliyə də “Facebook”da azadlıq istəsinlər. Həyat gözəldir./oxu.az

Saglamolun.Az