Son günlərdə yoluxanların sayının azalması yeni dalğanın sönməyə başlamasının əlamətidir. Əfsuslar olsun ki, dalğa sönməyə doğru getsə də, qarşıdakı 2-3 həftə ərzində xəstəxanada xəstələrin ağırlaşması və ölüm halları ilə qarşılaşacağıq.
Əsas məsələ bundan sonra olacaq yeni dalğalar qarşısında, xüsusən payız aylarında mövsümlə əlaqədar olaraq cəmiyyətin xəstəliklə mübarizədə daha az itkilərlə qalib çıxmasıdır.
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Publika.az-a açıqlamasında deyib. Millət vəkili bildirib ki, dördüncü dalğanın sönməyə başladığı bir dönəmdə cəmiyyətin hər bir üzvü vaksinasiya olunmaqla payız aylarında gözlənilən böyük dalğalar qarşısında təhlükəsizliyimizi təmin etməyə çalışmalıdır:
“Unutmaq olmaz ki, dalğanın şiddətinin artdığı dönəmlərdə edilən peyvəndlərin həmin dövrdə bizə faydası yoxdur. Peyvəndin hər iki dozası tamamlandıqdan iki həftə sonra istənilən effekt əldə olunur. Odur ki, bunu nəzərə alaraq cəmiyyətin indidən vaksinasiyada aktiv iştirak etməsi tövsiyə olunur. Dalğanın ən pik nöqtələrində şahidi olduq ki, insanların vaksin olunması üçün kütləvi şəkildə müraciətlərin çoxalması həm də yoluxmanın artması üçün zəmin yaradır. Bunu nəzərə alsaq, sönmüş dalğa dönəmində insanların peyvəndlənmə məsələsinə daha həssas yanaşmaları tövsiyə olunur.
Dünyada aparılan tədqiqatlar onu göstərir ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tətbiq olunan və qəbul olunan bütün peyvəndlərin qoruyuculuğu yüksəkdir. Xüsusən reanimasiyalarda ağırlaşmalar və ölüm riskinin qarşısını alması yönündə onların effektivliyi artıq sübuta yetirilib. Amma unutmaq olmaz ki, xüsusən “Sinovac” peyvəndində 6 aylıq müddət keçdikdən sonra effektivliyi azalmağa doğru gedir. Həyata keçirilən tədbirlər göstərir ki, istər “Sinovac”, istərsə də başqa bir peyvəndin üçüncü dozası immunitet müqavimətinin yenidən əmələ gəlməsində ciddi rol oynayır. Ən əsası, ağırlaşmaların və ölümlərin qarşısını almaqda bizə dəstəkçi olur”.
Saglamolun.Az