Azərbaycanda bədbəxt hadisə - İki uşağı cərəyan vurdu, biri öldü - VİDEO

Qubada iki uşağı elektrik cərəyanı vurub, uşaqlardan biri dünyasını dəyişib. Hazırda rayon prokurorluğu işi araşdırır, artıq faktla bağlı cinayət işi başlanıb.

Əlini elektrik xəttinə toxunduran uşağı cərəyan vuraraq öldürüb.

Qubanın Zərdabi qəsəbəsində 12 yaşlı Polad Fərhadov və qonşusu, 13 yaşlı Uğur Bayramov transformatorun yaxınlığında oynayarkən Polad transformatora yaxınlaşıb və qapısını açıb.

Onu dartıb ayırmaq istəyən dostu Uğur Bayramovu da elektrik cərəyanı vurub. Uğur hazırda xəstəxanada müalicə olunur. Quba Müalicə Diaqnostika Mərkəzindən "XəzərXəbər"ə bildirilib ki, uşaq xəstəxanaya gətiriləndə huşsuz olub və onun üzərində dərhal cərrahi əməliyyat aparılıb. Əməliyyatdan sonra azyaşlının huşu yerinə gəlib. Hazırda həyatı üçün heç bir təhlükə yoxdur, müalicəsi davam etdirilir.

Qəsəbə sakinləri transformatorun ətrafında qoruyucu çəpərin olmamasından şikayətlənirlər.

"Azərişıq" ASC-nin şimal regional enerji təchizatı və satışı idarəsi Quba elektrik şöbəsindən bildirilib ki, yüksək gərginlikli elektrik xəttinin mühafizəsi normalar çərçivəsində təşkil edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin "səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda" maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə təqsirli şəxsin  və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Saglamolun.Az