Hələ də öz balamı boğmağımın əzabını çəkirəm... - Xocalı sakini

"Uşaq meşədə yemək istəyirdi, ermənilər səs gələn tərəfə gəlib bizi tapa bilərdi deyə öz uşağımı boğdum.

Boğandan sonra istədim ki, uşağı kolun dibinə qoyub gedəm, sonra düşündüm ki, qızımın adını Milli Qəhrəman, jurnalist Salatın Əsgərova qoyub, onu burada atıb gedə bilmərəm. Uşağı özümlə götürdüm".

Bunu Sonxeber.az-a Xocalı sakini Əhmədova Müşgünaz xanım danışıb:

"Ermənilər 13 nəfər cavan oğlanı əsir düşənlərin arasından seçib apardılar. Dedilər ki, onları güllələyiblər, amma biz bayıra çıxanda qan izi görmədik. Hətta onların arasında bir ananın 3 oğlu da var idi. Kişiləri aparandan sonra bizi azad buraxdılar.

Aydın adlı kişi vardı, ona dedim ki, erməni əlinə keçməməyim üçün məni güllələ, ana-atama de ki, qızını erməni öldürmədi, mən güllələdim. O isə mənə "Allahın verdiyi canı ala bilmərəm" dedi.

Yolda gördüm ki, uşaq tərpənir. Buğdanı çeynəyib ağzına qoydum. Neynəyim, əlacım yox idi. Ermənilər izimizə düşüb meşədəki insanları qırırdılar. Onların əlinə düşməməkçün bunu etdim.

Həkim dedi ki, uşaq kliniki ölüm keçirib, dağ yolu ilə gəlmisiniz deyə ayılıb. Salatın hazırda Bakı Dövlət Universitetində işləyir. Əsəbi olanda deyir ki, sən məni niyə boğdun? Sonra deyir ki, bəlkə də mən də eyni şeyi edərdim. Hələ də öz balamı boğmağımın əzabını çəkirəm.

Ayaq barmaqlarımı don vurduğuna görə Bakıya gələndən sonra amputasiya etdilər".

Saglamolun.Az