"Evdə müalicə alan xəstələrin poliklinika həkimi, özlərinin ailə həkiminin məsləhəti olmadan aptekdən hansısa dərmanlar alıb qəbul etməsi məqsədəuyğun deyil".
Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov danışıb.
Onun sözlərinə görə, koronavirusu yüngül keçirən xəstələrdən sadəcə immuniteti qüvvətləndirən bəzi bioloji aktiv maddələr, vitaminlərdən başqa yaxşı yemək, maye qəbul etmək, balla çay içmək (əgər diabet və allegriya yoxdursa) və fiziki aktivliyi saxlamaqdan başqa əlavə bir şey tələb olunmur:
"Biz qrip və digər yüksək yuxarı tənəffüs yollarının infeksiyaları ilə necə mücadilə ediriksə, eynilə koronavirusa yoluxmuş yüngül simptomlu xəstələrin müalicəsi də, demək olar ki, eynidir.
Orta və ağır simptomu olan, düzgün müalicə aparmayan, xroniki xəstəliyi olan xəstələr isə daim nəzarətdə saxlanılmalıdır, çünki onların müalicəsi əlavə dərman preparatları tələb edə bilər.
Antibiotiklər həkim təyinatı olmadan qəbul edilməməlidir. Vena daxili maye diffuziyası özü ağızla yemək və maye qəbul etməyən xəstələr üçündür. Vena daxili maye diffuziya edib ağ ciyərləri su ilə doldurmaq və yaşlı insanlarda, ürək problemi olan insanlarda ürəyi əlavə maye ilə yükləmək heç bir fayda vermir və əlavə problemlərə gətirib çıxarır".
Saglamolun.Az