"Çox sevinirəm. Sevincdən danışa bilmirəm. Qoy oğlum gəlsin evimə, bəlkə onda dilim söz tutar”.
Şəhid olduğu hesab edilən, “qırx mərasimi”nə 4 gün qalmış əsirlikdə olduğu və azad edildiyi xəbəri gələn zabit Vəliəhəd Vəliyevin atası Şakir kişi deyir bu sözləri. Bəli, sevincdən iki kəlmə danışa bilmədi bizimlə.
“Bu gün telefonum heç susmayıb” deyir Şakir dayı. Onu tanıyan-tanımayan onlarla insan zəng edir, sevincini bölüşür: “Hamı zəng edib təbrik edir. Çox sağ olun. Hamınız var olun. Vallah bala, sevincdən danışa bilmirəm. Əsl möcüzədir. Allaha çox şükür. Allah prezidentimizin canını sağ etsin”.
Evin tək oğludur Vəliəhəd. Lənkəran rayonunun Bala Şürük kəndində böyüyüb başa çatıb. Sərhəd qoşunlarının zabiti olan Vəliəhəd kənddə sakitliyi, tərbiyəsi ilə sayılıb-seçilən cavanlardandır. Kənd bələdiyyəsinin sədri Tamerlan Rzayev deyir ki, bu xəbərə bütün kənd sevinir: “İnanın ki, bu gün səhər Şakir kişinin qapısına iynə atsan, yerə düşməzdi. O qədər adam var idi ki. Hamı şad xəbərə toplaşmışdı. İndi siz Vəliəhədin kəndə gəldiyi günü təsəvvür edin”.
22 yaşlı Vəliəhədin şəhid olduğu xəbəri ailəsinə oktyabrda verilib: “Oktyabrın 30-u kənd qəbiristanlığında dəfn etdik. Ailəsinin halını təsəvvür belə etmək olmurdu. 40 günün tamam olmasına 4 gün qalmış dedilər ki, Vəliəhəd əsirlikdədir. Bu xəbər gələndən evlərində şadlıqdır. Dünən də əsirlikdən azad olanların siyahısı açıqlandı. Biz bu gün bildik ki, Vəliəhəd də onların arasındadır”.
Tamerlan bəy deyir ki, məlum olanda ki, dəfn olunan şəhid Vəliəhəd deyil, qəbir açılıb və cənazə Bakıya göndərilib.
Saglamolun.Az