AMEA-nın Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, məsələ ictimailəşdirildikdən sonra bir çox tanınmış şəxslər, eləcə də sosial şəbəkə istifadəçiləri məsələ ilə bağlı TƏBİB-ə müraciət ünvanlayıb. TƏBİB-in idarə heyətinin rəhbəri Ramin Bayramlı məsələyə dərhal reaksiya verib və məsələnin diqqətdə saxlanılacağını vurğulayıb.
İdris Abbasovun həyat yoldaşı Elnurə Abbasova Oxu.Az-a açıqlamasında faktı təsdiq edib. O bildirib ki, artıq İdris Abbasov “Yeni Klinika” tibb müəssisəsinə yerləşdirilib:
“Məsələ ilə bağlı bizə köməklik göstərən hər kəsə təşəkkür edirik. Artıq İ.Abbasov klinikaya yerləşdirilib. Yaxın zamanda məni də həmin klinikaya yerləşdirəcəklər”.
Məsələ ilə bağlı AMEA-nın rəhbərliyi, Milli Məclisin deputatları, media nümayəndələri, elm adamları və sosial şəbəkə istifadəçiləri tərəfindən sosial mediada çoxsaylı paylaşımlar edilib.
Qeyd edək ki, İdris Abbasov bir neçə saat öncə sosial şəbəkə hesabında status paylaşaraq təcili tibbi yardım maşınında gözlədiyi halda xəstəxanada yer olmadığını bildirmişdi.
Saglamolun.Az