“Biz arxayınlaşmamalıyıq. Bu virusun özü qədər də gizlinləri və bilmədiyimiz çox şeylər var”.
Saglamolun.az cebhe.info-ya istinadla bildirir ki, bunu açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev yumşalan karantin rejimindən bir gün sonrakı müşahidələrlə bağlı məsələdən danışarkən deyib.
Baş infeksionist baxmayaraq ki, karantin yumşaldılıb, ehtiyat tədbirlərini əldən qoymamağı məsləhət görüb:
“Karantin rejiminin yumşaldılmasının ilk gününü arxada qoyduq. İlk müşahidələr göstərdi ki, küçələrdə maşınların və insanların sayı artıb. Sanki insanlarımız koronavirusun mövcudluğunu unudublar, artıq tibbi maskadan istifadə etmirlər. Özüm də küçəyə çıxıram, marketlərə gedirəm. İrad tutanda ki, niyə tibbi maska taxmırsız, deyirlər ki, koronavirus artıq yoxdur. Koronavirusa qarşı tədbirlərin yumşaldılması o demək deyil ki, virus başa çatıb. Sadəcə olaraq, biz insanlara imkan veririk ki, öz işlərini görə bilsinlər. İnsanlar isə bu imkandan istifadə edəndə düşünməlidirlər ki, virusun geri qayıtması ehtimalı qalır. Maska taxmaq çox vacibdir. Bu zaman insanlarımız yüngül formada keçirən və ya inkubasiya dövründə olan koronavirus gəzdiricilərindən qorunmuş olarlar. Bilirsiz ki, virus hava-damcı yolu ilə epidemik xarakter alır. Ona görə də insanlarımıza bir daha tövsiyə edirik ki, lüzumsuz və insanların sıx toplaşdıqları yerlərə getməsinlər. Çıxarkən belə, tibbi maskadan istifadə etsinlər. Əllərin yuyulması və şəxsi gigiyena qaydaları gözlənilməlidir”.
Saglamolun.Az