Bakıda həkim əməliyyat etdiyi qadına yumruq vurdu? Xəstəxanadan açıqlama

“Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində elə bir hadisə olmayıb, ola bilməz. Sadəcə mən bir söz demək istəyirəm ki, xəstələrə xoş münasibət göstərilir, pulsuz müayinələr olur, ən son aparatlarla yüksək səviyyəli əməliyyatlar həyata keçirilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilat-metodik bölməsinin rəhbəri Yazgül Abdıyeva ötən gün mərkəzdə həkimin əməliyyat masasında xəstəni vurduğuna dair iddialara cavab verərkən deyib.

O bildirib ki, həkim Emil Hüseynov belə hərəkətə yol verə bilməz: “Mən 100 faiz bilirəm ki, Emil Hüseynov elə hərəkət etməyib. Ola bilər, aparatla nəsə olsun. Emil Hüseynov bizim ən yaxşı həkimlərdən biridir. Mən bunu şöbə rəhbəri kimi demirəm, onu çox gözəl tanıyıram. Bütün xəstələrin çox sevdiyi həkimlərdən biridir. Heç vaxt ola bilməz ki, həkim xəstəni vursun, mən inanmıram”.

Y.Abdıyeva deyib ki, xəstə əməliyyatdan çıxanda üzündə heç bir əlavə izlər, şişkinlik olmayıb: “Həmin xəstə üç ay əvvəl insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Həkim deyir ki, əməliyyat zamanı xəstə başını sabit saxlamayıb. O da məcburən əməliyyat zamanı xəstənin çənəsindən tutub ki, prosesin gedişatı pozulmasın.

Linza qoyan zaman xəstə başını tərpədəndə düz yerinə oturmur və bu, fəsadlar yarada bilər. Xəstə əməliyyatdan çıxanda hər kəsdən razılıq edərək gedib. Görünür, sonradan xəstəni kimsə öyrədib.

Həkim necə xəstəni vura bilər? Hələ söyüş söymək, ümumiyyətlə, inandırıcı deyil. Bu həkim 2005-ci ildən bu günə qədər üç min pulsuz əməliyyat keçirib. Mərkəzin ən yaxşı həkimlərindən biridir”.

Y.Abdıyeva onu da bildirib ki, həkimin xəstəyə zəng edərək üzr istəməsi və əməliyyat pulunu geri qaytarmaq istəməsi kimi iddialar doğru deyil.

Qeyd edək ki, dünən 1945-ci il təvəllüdlü Yuliya Kamolovanın oğlu anasının əməliyyat masasında üzündən vurulması ilə bağlı məlumat yayıb. O iddia edib ki, anası həkim tərəfindən yumruqla vurulub və onun üzündə şiş əmələ gəlib.

Saglamolun.Az



loading...