Son zamanlar yayılan soyuqdəymə, qrip virusu valideynləri ciddi narahat edir.
Sağlam uşaqlarının məktəbdə xəstəliyə yoluxduğundan narahat olan valideynlər istəyir ki, məktəb göstəriş versin ki, xəstəliyə yoluxan uşaqlar sağalanadək dərsə gəlməsinlər.
Maraqlıdır, ümumiyyətlə xəstəlik daşıyıcısı olan uşağın məktəbə gəlməsi nə dərəcədə doğrudur?
Modern.az-a açıqlamasında pediatr Vaqif Qarayev deyir ki, uşaq xəstədirsə qəti şəkildə məktəbə getməməlidir. Həkimin sözlərinə görə, bir dəfə asqırmaqla 10-12 nəfəri yoluxdurmaq olar.
“Əgər xəstə uşaq məktəbə gedərsə, həmin uşaq gec sağalacaq, xəstəliyinin ağırlaşma ehtimalı daha da artacaq və ən əsası da sağlam uşaqları yoluxduracaq.
Məktəb rəhbərliyi də virusun yayılmasında günahkardır, çünki xəstəlik daşıyıcısı olan uşaq məktəbə buraxılmamalıdır.
Bəzi hallarda valideynlər xəstəlikdən qurtarmaq üçün immuniteti gücləndirən dərmanlar alırlar. Lakin qəti şəkildə deyirəm ki, o dərmanların heç biri uşağın immunitetini gücləndirməyəcək. Yaxşı olar ki, valideynlər uşaqların qida rasionuna, təmiz havayla təmasda olmasına xüsusi fikir versinlər”.
Saglamolun.Az