Bir həkim olaraq heç vaxt dondurma yemirəm çünki...

Havaların isinməsi ilə əlaqədar mağazalarda dondurma satışında canlanma müşahidə edilir.

Dondurma mövsümünün başlanması isə hər zaman bu qida məhsulundan zəhərlənmələrlə müşayiət olunur.

Əhali arasında belə bir iddia var ki, dondurma satan şirkətlər ötən ildən qalan məhsullarını yaz aylarında və yayın əvvəllərində satışa çıxarır, bu isə zəhərlənmələrə səbəb olur. Lakin vaxtı keçmiş məhsuldan əlavə, saxlanma şəraiti və temperaturu düzgün olmayan dondurmalar da sağlamlıq üçün ciddi təhlükədir.

Dondurmalardan istifadənin əleyhinə olduğunu deyən həkim Şəmsiyyə Namazlı "Sherg.az”a təəssüf hissi ilə qeyd edib ki, insanlar istifadə etdikləri məhsulun tərkibini nəzərdən keçirmirlər. Bu isə bir çox problemlərin yaranmasına səbəb olur:

"Dondurma hər kəsin, xüsusilə də uşaqların sevdiyi qidadır. Havalar isinən kimi hər kəs dondurma yeyir. Lakin məhsulun istifadə müddətinə fikir verilmir. Həmçinin dondurmanın harada istehsal olunmasına da məhəl qoymurlar. Dondurmanın tərkibi, göstəriciləri üzərinə yazılmalıdır. Xüsusilə yağların, süd və süd məhsullarının tərkibinin öyrənilməsi vacibdir. Həmçinin araşdırılmalıdır ki, dondurmanın tərkibindəki yağ bitki yağıdırmı?

Çünki artıq dövriyyədəki yağların hər birinin tərkibində dəyişikliklər var. Bu zaman da mədə-bağırsaq sistemində müəyyən pozğunluq yaranır. Eyni zamanda allergiya və səpkilərlə də nəticələnir. Belə yağlardan yeməkdə istifadə zamanı fərqli bir ətrin də olduğu hiss olunur. Ona görə də yeməklər kimi, dondurmalarda da istifadə olunan yağlara ciddi fikir vermək lazımdır. Dəfələrlə bununla bağlı məlumat verilir hətta mətbuatda dondurmaların seriyaları da qeyd olunub. Məsələn, hansı seriyadan olan dondurmalardan istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Təəssüf ki, heç kəs məhsulu alarkən bütün bunlara nəzarət etmir”.

Həkim bildirib ki, dondurmada daha çox istifadə olunan məhsullardan biri də şəkərdir:

"Şəkərin tərkibində isə karbohidratlar çoxluq təşkil edir. Qara ciyərində, mədə-bağırsaq sistemində problemli olan-olmayanlar dondurmalardan istifadə edir. Xüsusilə uşaqları karbohidrat qəbuluna öyrətmək lazım deyil.

Təəssüf ki, hər il bu xəbərdarlıqları etməyimizə baxmayaraq eyni vəziyyəti müşahidə edirik. Hətta elə ailələr var ki, çoxlu sayda dondurma alıb gətirirlər və uşaq bu məhsulu gündəlik olaraq istifadə edir. Dondurmaların tərkibini bilib-bilmədən istifadə etmək ishal ilə nəticələnə bilər. Mədə-bağırsaq sistemində problemi olanlara dondurma daha mənfi təsir göstərir. Ona görə də bu məshuldan istifadənin əleyhinəyəm. Bir həkim olaraq mən heç vaxt dondurma yemirəm. Çünki dondurmanın fəsadları həmin an yox sonralar üzə çıxır”.

Saglamolun.Az