"Uşaqların piylənməsində böyük rol oynayan qidalardan biri "fast- foodlardır”.
Bu sözləri "Sherg.az”a pediatr Vaqif Qarayev deyib.
Həkimin sözlərinə görə, azyaşlı uşaqların piylənməsi müxtəlif səbəblərdən ola bilər:
"Bəzi uşaqlarda genetik xəstəliklər və oqranizmdə maddələr mübadiləsi düzgün getmədiyi üçün piylənmə prosesi gedir. Uşaqların aktiv həyat tərzi keçirməsi olduqca vacibdir. Amma indiki uşaqlar demək olar ki, hərəkət etmir.
Düzgün və keyfiyyətli qidalanmamaq da piylənməyə səbəbdir. Uşaqların şirniyyata, yağlı yeməklərə meyilli olması piylənmə yaradır.
Bu gün "fast-food”lar olduqca təhlükə mənbəyidir. Valideynlər uşaqları ilə "fast- food” satılan yerlərə gedərək saatlarla oturub əylənirlər. Halbuki uşağın qida rasionunda belə yeməklərin olması tamamilə yanlışdır.
Bəzi Avropa ölkələrində bu yeməklər qadağan edilib. Fast- food”lardan biri də "kartof fri” adlanan kartof qızartmasıdır. Bu yeməyi ana özü keyfiyyətli kartof və yağdan bişirə bilməz? İnsan heç nə bacara bilməsə də, kartof bişirməyi bacarır. "Fast –food”larda istifadə olunan yağların və karbohidratların tərkibində nə olduğu bilinmir. Belə qidalar istər-istəməz uşaq orqanizmində maddələr mübadiləsini pozur”.
Pediatr bildirib ki, uşaqların arıq olması onun xəstə olduğunu göstərmir:
"Çünki hər orqanizmin özünün xəstliklərə qarşı müqavimət parametri var. "Uşaq kökdürsə, deməli sağlamdır” kimi düşüncə yanlışdır. Əslində uşaqların gündəlik qida menyusunda meyvə-tərəvəz çox olmalıdır. Azərbaycan kimi ölkədə ilin bütün fəsillərində meyvə və tərəvəz olur. Təbii ki, uşaqların ət yeməklərini qəbul etməsi də vacibdir. Lakin yağlı, həddindən artıq ağır, xəmir kimi yeməklərin qəbulu uşaqlara çox ziyanlıdır. Əsas məsələlərdən biri də qidaların keyfiyyətli olmasıdır. Məsələn, ölkəmizdə yetişən çürük alma daha faydalıdır, nəinki parıldayan və heç bir tamı olmayan meyvələr.
Uşaqların oturaq həyat tərzi sürməsi də düzgün deyil. Onlar daim hərəkətdə olmalıdır. Çünki uşaq orqanizmi böyüyən orqanizmdir. Valideynlər gərək bu məsələdə diqqətli olsunlar. Uşaqların öz yaşıdları ilə oynaması, hərəkətdə olması həm psixoloji, həm də fiziki baxımdan vacibdir”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Azərbaycanda da yetkin əhalinin 33 faizi piylənmə və artıq çəkidən əziyyət çəkir. Acınacaqlı məqam uşaqlar arasında piylənmənin artmasıdır.
Saglamolun.Az