Uşaqlar arasında rotavirus infeksiyası yayılıb


"Körpə uşaqlarda, xüsusilə, bu mövsümdə mədə-bağırsaq pozulması, müxtəlif simptomlarla müşayiət olunan narahatlıqlara tez-tez rast gəlirik”.

Bunu Sherg.az-a tanınmış pediatr Günay Rəsulova söyləyib.

Həkimin sözlərinə görə, belə narahatlıqların əsas səbəbi çox zaman "rotavirus” infeksiyası olur:

"Uşaqlar arasında geniş yayılan bu infeksiya qusma, qızdırma, mədə-bağırsaq pozğunluğu ilə müşayiət olunur. İnfeksiyanın müalicəsini sözügedən simptomların aradan qaldırılması ilə başlamaq lazımdır. Bir neçə gün bu narahatlıqlara qarşı addımlar atmaqla, dərmanlar tətbiq edərək, azyaşlıları müşahidə edirik. Çox nadir hallarda bu virusun əsasında bakterial mənşəli infeksiyalar çıxa bilir.

Ona yönəlik, ehtiyac olduqda xəstəxana şəraitində müalicə davam etdirilir. Əks halda, uşaqları ev şəraitində dərman qəbulu ilə müalicə edirik.

"Rotavirus” infeksiyası hava-damcı yolu ilə yayılır. Uşaqdan uşağa bu şəkildə keçən virusun qarşısını almaq üçün körpələri nəzarətdə saxlamaq lazımdır. İnfeksiyaların yayıldığı müddətdə valideynlər, mümkün olduqca, uşaqları qapalı məkanlarda saxlamalı, toplum içərisinə çıxarmamalıdırlar.

Bundan başqa, gigiyena qaydalarına ciddi riayət etmək vacibdir. Çünki "rotavirus” infeksiyası əsasən çirkli əllər vasitəsilə keçir. Həmçinin, mağazalarda satılan qida məhsulları, "abur-cubur” adlandırılan vasitələrdən istifadə etməmək lazımdır”.

Saglamolun.Az