Son illərdə gənclərin idmanla məşğul olması, idman zallarında zaman keçirməsi ən çox müşahidə etdiyimiz haldır.
Xüsusilə, oğlanlar ideal bədən quruluşuna sahib olub, digərlərindən fərqlənmək üçün idman qidalarından da geniş istifadə edirlər.
Tələbatın çox olması Bakıda və digər şəhərlərdə proteinlərin, idman qidalarının satıldığı mağazaların da sayını artırıb.
Demək olar, hər addım başı proteinlər satılan mağazalara rast gəlirik. Protein tərkibli preparatlar həkim resepti olmadan satıldığına görə, istənilən yaş qrupuna aid şəxslər onları əldə edə bilirlər.
Proteinlərin geniş yayılması onların zərərləri haqqında da tez-tez müzakirələrə səbəb olur. Bu qidaların orqanizmə mənfi və müsbət təsirləri haqqında Sherg.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, əslində proteinlərin ciddi ziyanları yoxdur. Həkim bildirib ki, idman üçün nəzərdə tutulan, asan həzm ediləsi, təmiz zülal şəklində hazırlanan proteinlər texniki standartlara uyğun olarsa, onlardan zərərsiz istifadə etmək mümkündür:
"Sadəcə, idmançılar formada olmaq üçün hormonlar qəbul edirlər. Bu hormonlar proteinlərin əzələyə çevrilməsinə kömək edir. Problem yaradan məqam odur ki, hormonlar insanların inkişafına, orqanizmin fəaliyyətinə neqativ təsir göstərir. Çalışmaq lazımdır, çəki, əzələ kütləsi almaq üçün hormonlardan istifadə edilməsin.
Yeniyetmələrə, uşaqlara başa salmalıyıq ki, proteinlərdən istifadə edib, idmanla məşğul olduqda, bədənin öz resurslarından yararlansınlar. Orqanizm hormonal olaraq, əlavə yüklənməsin. Çünki vurulan hormonlar orqanizmin daxilində istehsal edilən hormonların miqdarını azaldır. Nəticədə yeniyetmələrdə hormonal asılılıq yarana bilər”.
Saglamolun.Az