Təbii yolla doğulan uşaqların immuniteti qaydasında olur, amma keysəriyyə... - Pediatr

"Tək Azərbaycanda deyil, bütün dünyada normal doğuş əvəzinə keysəriyyə əməliyyatına müraciətlər çoxalıb”.

Bunu Sherg.az-a pediat Vaqif Qarayev söyləyib.

O qeyd edib ki, ölkəmizdə bu əməliyyata görə, daha çox həkimləri günahlandırsalar da, əksərən xəstələr öz istəyi ilə bu əməliyyatı tələb edirlər:

"Bu, qəbulolunmaz haldır. Əgər normal doğuş üçün heç bir problem, təhlükə yoxdursa, keysəriyyə əməliyyatına müraciət etmək düzgün deyil. Bu vasitə ilə övlad dünyaya gətirmək üçün xüsusi həkim göstərişləri olmalıdır.

Təbabətin gəldiyi qənaətə görə, keysəriyyə yolu ilə dünyaya gələn uşaqlar kənardan müdaxilə ilə doğulduğundan təbii yolla dünyaya gələn uşaqların inkişafından fərqlənir. Körpə ananın doğuş yollarından keçirsə, bağırsaq florası normal qalır. Keysəriyyə ilə doğulduqda isə bu pozulur. Həmçinin təbii yolla doğulan uşaqların immuniteti, xəstəliyə müqaviməti qaydasında olur. Keysəriyyə ilə doğulan uşaqlarda bu məsələ ə problemlər yaranır.

Normal hamiləliyi tibb personalı ya hamilə qadının özü keysəriyyə ilə sonlandırmaq istəyirsə, əvvəl riskləri düşünməlidir. Hamilə qadın vaxtlı-vaxtında həkim qəbulunda olmalı, müayinələrdən keçməlidir. Dəfələrlə olub ki, 9 ayına qədər normal keçən hamiləlik son həftələrdə problemlə nəticələnir. Bu zaman təbii yolla doğuş mümkün deyilsə, ananı və uşağı xilas etməkdən ötrü mütləq keysəriyyə əməliyyatı seçilir. Bu tip vəziyyətlər ginekologiyada keysəriyyə əməliyyatı üçün nəzərdə tutulan konkret göstərişlər sırasındadır”.

Qeyd edək ki, Qax rayonu Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Fildurə Vahid qızı Novruzlu iyulun 6-sı səhər saat 10 radələrində ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub. 25 yaşlı Fildurə Novruzlu axşam saat 17 radələrində reanimasiya şöbəsində ölüb. Dünyasını dəyişən qadının bir ay əvvəl keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdiyi bildirilir.

Saglamolun.Az