"Hazırkı anomal istilər şəraitində açıq havada çalışanlar üçün işlər dayandırılmalıdır”.
Bunu Sherg.az-a isti hava şəraitindən qorunma yollarını izah edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O qeyd edib ki, kabinetlərdə, ofislərdə sərinləşdirici qurğular varsa, iş prosesi davam etdirilə bilər:
"Anomal hava şəraiti dövründə sakinlər mümkün qədər kondisionerdən istifadə etməli, sərin yerdə istirahət etməlidirlər. Gündüz saat 12:00 və 17:00 arası günəş şüalarının altında dayanmamaq lazımdır. Mümkün qədər günvurma, istivurma hallarından qorunmaq lazımdır. Belə istilərdə orqanizm uzun müddət daxili temperaturunu bərpa edə bilmir. Qan laxtalanır, həddindən artıq buxarlanma baş verir, həyat üçün çətin situasiya yaranır.
Sakinlər çoxlu maye qəbul etməlidirlər. Xüsusilə, bu orqanizmi daha həssas olan uşaqlara aiddir. Yaşlı insanların, uşaqların və hamilə qadınların ev şəraitində olması tövsiyə olunur. Otaq şəraitində kondisioneri 22-27 dərəcə soyuqda və 30-60 dərəcə nəmlilikdə saxlamaq lazımdır. Bayırda 40 dərəcədən çox temperatur olduğu şəraitdə içəridə çox soyuq hava yaratmaq düzgün deyil. Həmçinin kondisioneri fasiləli işlətmək, bədənin daimi soyuması prosesini önləmək lazımdır”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti anomal hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, iyulun 3-4-də ölkə ərazisində anomal qızmar hava şəraitinin davam edəcəyi, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 40-43, Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 40-44, bəzi yerlərdə 46, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Saglamolun.Az