Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev tibdə kəllədaxili təzyiq adlı diaqnoz olmadığını deyib.
Onun sözlərinə görə, kim belə diaqnoz qoyursa, demək, uydurur.
Sherg.az xəbər verir ki, baş pediatrın bu açıqlaması sosial şəbəkələrdə müzakirəyə çıxarılıb və bir çox istifadəçilər N. Quliyevin dediklərinin əksini sübut edən rəylər yazıblar.
Övladını Rusiyada kəllədaxili təzyiqdən müalicə etdirdiyini qeyd edən istifadəçilər nevropotoloq müayinəsindən sonra onların sağaldıqlarını deyib.
Pediatr, tibb üzrə fəlsəfə doktoru Mehriban İbrahimova isə Nəsib Quliyevin haqlı olduğunu deyib:
"Nəsib müəllim Respublikanın baş pediatrı və səhiyyə nazirinin müavinidir. O heç vaxt dəqiq bilmədiyi məlumatı kütlə qarşısında ictimailəşdirməz. Onun dedikləri birmənalı olaraq beynəlxalq protokol qaydalarına əsaslanır. Çox uzağa getməyək, kəllədaxili təzyiq diaqnozu qardaş Türkiyədə də yoxdur”.
Pediatrın sözlərinə görə, kəllə daxilində təzyiqin olması normaldır, qan dövranını tənzimləyir:
"Amma bizdə mədəciklər bir balaca enli olan kimi kəllədaxili təzyiq diaqnozu qoyurlar. Avropa ölkələrində isə kəllədaxili təzyiq diaqnoz kimi qəbul edilmir. Bu, hansısa xəstəliyin əlaməti hesab olunur. Həkimlər uşaqlarda kəllədaxili təzyiq aşkar edirsə, onun səbəbini axtarsınlar. Dizbakterioz diaqnoz deyil ki, bağırsaq florasının pozulmasının əlamətidir".
Saglamolun.Az