Evlənməzdən əvvəl əriylə şərt kəsən Zülfiyyə: Bilir ki, mənə xəyanət etsə… - FOTO

Tanınmış cütlük teleaparıcı İlqar Mikayıloğlu və Zülfiyyə Bayramova ilə tədbirlərin birində rastlaşdıq.

Bir-birini tək qoymayan cütlük fotokameramıza poz verdi.

Z.Bayramovanın yenicag.az-a müsahibəsini təqdim edirik.

- Tədbirlərə həmişə qoşa gəlirsiniz. Qorxursan İlqarı kimsə əlindən alar?

- Sadəcə olaraq, biz həm dostuq, həm də ər-arvad. Bir-birimizi sevirik və ayrı qala bilmirik.

- Azərbaycanda daha çox qadınlar ərlərini itirməkdən qorxur. Bu məsələdə kişilər qadınlar qədər narahatlıq hissi keçirtmir. Səncə, niyə?

- Bu, özgüvənə bağlı hissdir. Qadının özgüvən hissi güclü olsa və bilsə ki, ondan yoxdur, kişi heç vaxt o qadını atıb getməyəcək. Qadın özündə zəif nöqtəni biləndə qorxur ki, kişisi ondan üstün qadını tapar və onu tərk edər.

- Bu məsələdə gözəllik qadının dadına çatır?

- Yox, qətiyyən. Mən heç də gözəl deyiləm. Həyatda qat-qat məndən gözəl qadınlar var, amma nolsun, İlqar məhz məni seçib.

- Səncə, hansı xüsusiyyətinlə İlqarı özünə aşiq etmisən?

- Öz ayağım üstə durmağı bacarmağıma görə... Zövqlərimiz, həyata baxışımız üst-üstə düşür, dost olmağı bacarırıq. Bunlar bizi daha da bir-birimizə bağlayır.

- Evdə mübahisələriniz ən çox nəyin üstündə düşür?

- Hər ikimiz aparıcıyıq. Fərqimiz bundadır ki, o, peşəkar televiziyaçıdır, mən isə hüquqşünas. Televiziya sahəsi ilə bağlı mübahisələrimiz düşür. Fikirlərimiz üst-üstə düşməyəndə mübahisə edirik. Sonda mən təslim oluram. Çünki bilirəm ki, peşəkar olaraq, İlqar haqlıdır.

- Elə bir xüsusiyyəti varmı ki, qadın olaraq onu ram edə bilməmisən?

- Var. Çox yatır, yuxudan oyada bilmirəm.

- Yemək üstə dava salan kişilərdəndir?

- Yox. Bəzən ikimiz də işdən eyni vaxtda gəlirik, yeməyi bərabər hazırlayırıq.

- Hansınız daha qısqancsınız?

- Heç birimiz.

- Sevgi olan yerdə qısqanclıq da olur axı... Bəlkə etiraf edəsən?

- İçdə olur yəqin, amma büruzə vermirik. Deyim ki, bu qısqanclıq aşırı dərəcədə də deyil. Biz bir-birimizə qısqanclıq üçün əsas vermirik.

- İlqarı hansı qadınlara qısqanırsan?

- Özümdən güclü qadınlara. Amma o da hələ yoxdur.

- Geyimlərinə müdaxilə edirmi?

- Mən heç vaxt açıq-saçıq geyimlər geyinmirəm. İcazə verilib-verilməməsindən asılı olmayaraq, qadının əxlaq kodeksi olmalıdır. Bunun üçün ərin qadağası lazım deyil. Mən bu həddi gözlədiyimə görə, belə söz-söhbətlər yaranmır.

- Nəyi İlqara bağışlamazsan?

- Xəyanətdən başqa hər şeyi bağışlayaram. Çünki insan səhv edə bilər. Nə mən ona xəyanət etmərəm, nə də heç vaxt icazə vermərəm ki, mənə xəyanət etsin.

- Onsuz da kişi xəyanət edəndə gəlib xanımına acıqlama vermir. Belə şeylər gizlin baş verir.

- Yox, bu barədə şərtimiz olub. Bilir ki, mənə xəyanət etsə, bu, ayrılıqla nəticələnə bilər. Ancaq biz bir-birimizi tamamlayırıq, xəyanətə ehtiyac yoxdur.

- Amma bəzi qadınlar kişinin xəyanətinə normal baxır. Deyir ki, əşşi kişidir də, hara getsə də, axşam evinə qayıdacaq...

- Bunu zəif qadınlar deyə bilər. Mən nəyəm bəyəm, evim onun üçün otel-zaddır?

- Yaxşı bəs İlqarın hansı xüsusiyyətini məxsusi olaraq dəyərləndirirsən?

- Çox mərd adamdır. O, sizə "dost" deyirsə, axırıncı qəpiyini də verər, evini satıb, səni dardan qurtarar.

Saglamolun.Az