""Fast food”un əsas təhlükəsi bu qidaların hazırlanması üçün işlədilən yağın uzun müddət istifadə olunmasıdır”.
Bunu Sherg.az-a "fast food” qidaların təhlükəsi barədə danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O vurğulayıb ki, bütün "fast food” restoranlarında bir dəfə qaynadılan yağın içərisində dəfələrlə kartof, toyuq və s. məhsullar bişirilir:
"Yağların bir dəfə müəyyən intervaldan çox qızdırılması zərərli maddələr əmələ gətirir. Yağın bir dəfədən çox istifadə edilməsi məsləhət deyil.
Bu qidaların yarımfabrikat halına, tam istehlak vəziyyətinə gətirilməsi zamanı xeyli məhsullar əlavə olunur. Həmin tərkiblər də ziyanlıdır. Ona görə, "fast food”ları ehtiyac olmadıqda istifadə etmək, davamlı olaraq onlarla qidalanmaq məsləhət deyil. Təəssüf ki, gənclər bunu tam anlamır, həddindən artıq "fast food” qəbulu isə mənfi təsirlərini göstərir.
Bu gün onkoloji xəstəliklərin artmasının bir səbəbi də "fast food”lardan istifadə nəticəsində qida təhlükəsizliyi prinsiplərinin pozulması ilə bağlıdır”.
Professor onu da əlavə edib ki, küçədə açıq şəraitdə hazırlanan və satılan yeməklər özündə təhlükə daşıyır: "Bu qidalarla bağlı standartlar müəyyən olunmalıdır. Əslində qida təhlükəsizlik konsepsiyası Milli Təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. Ayrı-ayrı qidaların hazırlanması, istehlakı, dövriyyəsi bu konsepsiyada təsbit edilməlidir. Qidaların hazırlanmasında müxtəlif epidemioloji şərtlərin gözlənilməməsi, zərərli tərkibdə hazırlanması kimi hallar qadağan olunmalıdır.
Küçələrdə, tinlərdə açıq şəraitdə hazırlanan, satılan qidalar barədə tədbir görülməlidir. Konkret olaraq, kütləvi istehlak üçün nəzərdə tutulan qidaların hazırlanmasında sanitar-epidemioloji qaydalar müəyyənləşdirilməlidir. Bu standartlara əməl etməyən qida istehsalçıları, restoran və kafelər, açıq şəraitdə küçələrdə qida hazırlayan şəxslər barədə addım atılmalıdır”.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov "McDonalds” və "KFC” kimi restoranlarda əhaliyə təqdim olunan qidaların Gigiyena və Epidemiologiya Mərkəzindən rəy almadığını deyib. Onun sözlərinə görə, hətta onların bir çoxunun tərkibində zərərli maddələr aşkarlanıb.
Saglamolun.Az