Fuad Poladov: Mən ölümə artıq qapımı açmışam...

Xalq artisti Fuad Poladovun səhhəti gün keçdikcə ağırlaşır. Bu barədə xalq artisti özü Sherg.az-a söhbətində bildirdi.

- Fuad müəllim, özünüzü necə hiss edirsiz? Müalicələrin təsiri varmı?

- Artıq demək olar ki, gün ötdükcə, xəstəlik məni bir az da zəiflədir. Konkret bir irəliləyiş yoxdur. Müalicə edirəm ki, bir az zaman udum. Zamanla oynamağa başlamışam. Evdə müalicələrim davam edir. Bu elə bir xəstəlikdir ki, xəstəxanada uzanmağın da mənası yoxdu. Mən indi qəbul etdiyim dərmanları xaricdən gətizdirirəm. Xəstəxanada qalsam, gərək müalicə olunum, oradakı həblər isə mənim xaricdən gətizdirdiyim dərmanlarla eyni deyil.

- Bu dərmanlar bahalıdır. Dərmanları almağa maddi imkanınız yetərli olurmu?

- Mən həyatım boyu kimsənin qarşısında ağlamamışam. Kişiyə də ağlayıb-sızlamağı yaraşdırmıram. Heç vaxt maddiyat üzündən əzildiyimi göstərməmişəm. Buna imkan da verməzdim. Kişi kimi gəlmişik, kişi kimi də getməyi bacarmalıyıq. Mən ölümə artıq qapımı da açmışam. Sadəcə, övladlarımla bağlı narahatam deyə möhlət alıb, müalicə alıram ki, olacaq nədisə, gecikdirə bilim. Ölməkdən artıq qorxmuram. Amma ölüm qapıma gələndə ona hazır olmaq istəyirəm. Sadəcə bir az zamana ehtiyacım yaranıb.

- Xəstəliyinizlə barışmalı olmusuz?

- Barışmaq deyil bu. Başqa bir yol yoxdu. Bilirəm ki, bu xəstəliyin çarəsi yoxdu. Bunu qəbul edəcək qədər də əqlim, düşüncəm var. Bu elə bir mərəz, dərddir ki, çarəsi yoxdu. Çarəsi olmayan bir xəstəliyin ümidi də olmaz. Nəyəsə ümidim qalmayıb. Reallığı qəbul edən insanam. İnsanıq. Təbii ki, yaşamaq istəyi olur. Amma əgər sənin seçim imkanın qalmayıbsa, sadəcə, səbrlə bu anı gözləmək lazımdı. Mən əzrailin gəlişini gözləyən biriyəm. Nə zaman gəldiyini bilməsəm də, zaman baxımından artıq çatır. Ölmək istəmirəm, amma ölümdən də artıq qorxmuram.

- Teatrdan, sənət aləmindən sizə baş çəkməyə gələnlər varmı?

- Teatrdan, sənət aləmindən heç kim mənə baş çəkməyə gəlməyib. Əslində sənət dostlarımın mənə baş çəkməyini istəmirəm.

- Sizi belə durumda görməklərini istəmirsiz deyə bunu söylədiniz?

- Bəli, istəmirəm heç kim məni belə vəziyyətdə görsün. Heç kimin yaddaşında belə qalmaq istəmərəm. Teatrdan zəng edənlər olur. Bir də Rasim Balayevlə arada zəngləşib dərdləşirik, hal-əhval tuturuq.

- Rasim Balayevin də səhhətində narahatlıq var. Görünür, dərd ortağı olmusuz...

- Bəlkə də dərdlər bizi bir az da bu baxımdan yaxın edə bilib. O da öz canının hayındadı, mən də. Ona görə də biri-birimizi axtarırıq.

- Səhnə üçün necə, darıxmırsız?

- İnanın səmimiyyətimə, can ağrıyanda heç nə marağında olmur. O qədər canım ağrıyır ki, səhnə barədə düşünə bilmirəm.

- İllər öncə bizə müsahibənizdə bildirmişdiz ki, özümü səhnədən uzaq təsəvvür etmirəm...

- Bilirsiz, bəzən həyat səni elə imtahana çəkir ki, dünən düşündüklərinlə bu gün edəcəklərin zidd ola bilir. Mən səhnəsiz özümü təsəvvür edə bilməzdim. Amma bu gün səhnə barədə düşünmürəm belə. Çünki can daha şirin gəlir. Bəlkə illər əvvəl bunun fərqində olmamışam. Amma o ağrı mənə həyatı bir də tanıtmış oldu. İnsan yaşamaq istəyir. Canımla əlləşirəm deyə həyatda heç nəyin marağı qalmayıb.

P.S. Qeyd edək ki, 69 yaşlı aktyorun ağciyərində xərçəng aşkarlanıb. Fuad Poladov bu il iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb.

Saglamolun.Az