Uşağın qızdırmasını necə salmaq lazımdır? Anaların bilmədiyi VACİB MƏQAMLAR

Uşaqların immun sistemi tədricən formalaşır. Bu səbəbdən uşaqlar böyüklərlə müqayisədə viris və soyuqdəymə xəstəliklərinə daha tez-tez tutulur.

Bu normal fizioloji haldır və bundan qorxmaq lazım deyil.

Soyuqdəymə və ya virus infeksiyasının ilk əlamətlərindən biri qızdırmanın yüksəlməsidir. Əslində qızdırma heç də təhlükəli və ziyanlı deyil. Əksinə qızdırma qalxanda bizim immun sistemimiz daha fəal şəkildə işləməyə başlayır, maddələr mübadiləsi və qan dövranı artır ki, bu da xəstəliklə mübarizə etməyə yardım edir.

Təbii ki, söhbət çox yüksək hərarətdən getmir. Saglamolun.az bildirir ki, qızdırma 40,5 C və bundan yüksək rəqəmlərə qalxarsa, bu zaman orqanizmdə ağır patoloji proselər inkişaf etməyə başlayır ki, bu da ölümlə nəticələnə bilər.

Uşağın qızdırması qalxırsa onu daha yüngül geyindirin, hərəkətliliyini azaldın (qaçmaq, oynamaq qızdırmanın daha da artmasına səbəb olacaq), çoxlu ilıq turş maye verin (limonlu çay, itburnu dəmləməsi, meyvə qurularından kompot və ya dəmləmə), otağın nəfəsliyini açın, otağın bütün səthlərini nəm əski ilə silin.

Uşaqlarda qızdırma 38-38,5 C qalxanda qızdırmasalan preparatı vermək lazımdır. Bu preparatlar uşaqlar üçün şam və ya sirop formasında olur. Şamlar daha gec təsir edir və 38,5 C-dən sonra onların istifadəsi lazım olan effekt vermir. Siroplar daha tez təsir edir və daha effektlidir. Lakin şamların təsiri daha uzunmüddətlidir. Beləliklə, uşağın axşam yatmazdan əvvəl qızdırması, məsələn, 38,2 C-dirsə, gecə qızdırmanın qalxmasının qarşısını almaq üçün şamdan istifadə etmək olar.

Adətən qızdırmanı salmaq üçün uşaqlara parasetamol və ya ibuprofen verilir. Nəzərə almaq lazımdır ki, bu təsiredici maddələrin adlarıdır. Apteklərdə tərkibində parasetamol və ya ibuprofen olan  çoxlu sayda müxtəlif preparatlar satılır. Məsələn, panadol, eferalqan (parasetamol tərkibli), nurofen (ibuprofen tərkibli) .  

Bu preparatların təsiri eynidir. Bəzi pediatrlar daha çox parasetamola, digərləri ibuprofenə üstünlük verir.

Parasetamolun qəbulları arasında 4 saatdan az, ibuprofenin 6 saatdan az vaxt keçməməlidir.

Müasir tibdə uşaqlara qızdırmanı salmaq üçün aspirinin verilməsi tövsiyə edilmir ki, bu ağır pozulmaların inkişafına səbəb ola bilər.

Qızdırma zamanı “smes”in (litik qarışıq – analgin +dimedrol) vurulması da tövsiyə edilmir. Analgin ağır yanaşı təsirlər verə bilir və bir çox xarici ölkələrində çoxdandır ki, istifadə olunmur. Pediatrların sözlərinə görə, müasir qızdırmasalan preparatlar ən yüksək qızdırmanın öhdəsindən gələ bilir. Yetər ki, valideynlər qorxmasın və bir qədər səbirli olsunlar.

Bəzən valideynlər deyir ki, dərman kömək etmədiyinə görə “smes”i tətbiq ediblər. Qızdırmasalan preparat veriləndən sonra qızdırma 2 saat ərzində düşə bilər. Həmçinin qızdırma dərhal 36,6 deyil, yalnız yarım dərəcə düşə bilər. Bu o deməkdir ki, dərman təsir edir.

Saglamolun.Az




Загрузка...
loading...

Usaqlıq boynu eroziyası və xərçəngi