Uzağıgörmə

Uzağıgörmə - görmənin qüsurlarından biri olub, baxılan əşyaların (xüsusən yaxın məsafələrdə olan) aydın şəkildə görünməməsi formasında təzahür edir. Uzağıgörmə anadangəlmə və ya qazanılma ola bilər.

Demək olar ki, bütün uşaqlar doğularkən uzağıgörən olur (+3 dioptriyə yaxın).

Lakin uşaq böyüdükcə və inkişaf etdikcə uzağıgörmənin dərəcəsi tədricən azalaraq təxminən həyatının 10-cu ilinə yaxın əksər uşaqlarda görmə normallaşır. Azyaşlı uşaqlarda uzağıgörmənin dərəcəsi normadan artıq olarsa, oftalmoloq ona eynək də yaza bilər. Bir yaşlı uşaqlar üçün eynək taxılması xeyli çətinliklə mümkün olur və valideynlərdən daimi diqqət və xeyli təmkin tələb edir. Ancaq hu halda həkim təyinatının yerinə yetirilməsi, gələcəkdə baş verə bilən çəpgözlüyün və ambliopiyanın  profilaktikası üçün çox vacib hesab edilir.

Uzağıgörmənin zəif və hətta orta dərəcələrində (+3 dioptriyə qədər) görmə itiliyi, adətən,  normal olaraq qalır və bu zaman eynəkdən istifadə etməklə görmənin tənzimlənməsi tələb olunmur. Yüksək dərəcəli uzağıgörmə zamanı xəstə tərəfindən eynəkdən istifadə edilmədiyi hallarda onun gözləri tez yorulur, onda baş ağrısı, alın nahiyəsində və göz ətraflarında küt ağrı, gözlərə təzyiq edilməsi hissiyyatı kimi müxtəlif əlamətlər meydana çıxır. Uşaq oxuyarkən hərflərin aydın görünməməsi baş verir. Dərslərə fasilə verdikdə bu hallar müvəqqəti olaraq yox olsa da, bir müddət keçdikdən sonra yenidən bərpa olunur. Məktəblilərdə davamlı baş ağrıları olduğu hallarda uşağı mütləq həkim-oftalmoloqa göstərmək lazımdır. Göz həkiminin müayinəsı zamanı uzağıgörmə aşkar edilərsə, uşaqlar eynək taxmalı olurlar.

Saglamolun.Az