Orucun psixoloji təsirləri

Yay aylarında tutulan oruc fiziki yorğunluqla yanaşı psixologiyamız üzərindəki təsirləri ilə də diqqət çəkir.

Yay mövsümü bir çox insanın səbirsizliklə gözlədiyi və motivasiya olduğu dövrdür. Ancaq oruc tutulan iyun ayının isti günlərində ac-susuz qalmaq və bürkülü havaların da təsiri insanda tərləmə yolu ilə yaranan su itkisi, gərginlik və dözümsüzlüyü də artıra bilir.

Emsey Hospitalın psixiatriya üzrə mütəxəssisi Orhan Karacanın fikrincə, bu mənfi təsirləri aradan qaldırmaq mümkündür.

Yay aylarında orucun səbəb olduğu əsəbi ruh halını aradan qaldırmaq üçün nə etmək lazımdır?

Yay aylarında orucun səbəb olduğu bu halın qarşısını almaq üçün ilk növbədə qidalanma, maye qəbul etmə və yuxu nizamına diqqət göstərilməsi gərəklidir. Yəni insanın iftar və sahurda nizamlı həyat tərzinə  diqqət göstərərək oruc tutması bədənin sisteminin sıradan çıxmaması üçün olduqca böyük əhəmiyyət daşıyır. Sahura qalxan insanlarda gecə yuxusunun bölünməsi və insanın gündəlik işlərinə də eyni saatda başlamaq məcburiyyətində qalması yorğunluq, diqqət dağınıqlığı və konsentrasiya itkisi ilə bərabər əsəbiliyə də yol aça bilər. Bu halın qarşısını almaq üçün əməl ediləcək tədbirlər sırasında bu aya xas olan gündüz yuxusu (mürgüləmə), axşam erkən yatma, gündəlik işlərin sıxlığını gözdən keçirib uzun və qısa müddətli olaraq həyata keçirilməsi, işlərin zaman zərflərinə bölünməsi və s. yer alır. İnsanın dözümsüzlüyünə səbəb olan ən önəmli faktorlardan biri də sudur. İftar və sahur arasındakı intervalın qısa olması və bu səbəbdən də toxluq hissinin olması, dolayısı ilə də su qəbulunun azalması, oruclu keçirilən saatların uzun olması səbəbilə su itkisinin artması əsəbilik yarada bilər. Buna görə də bu dövrdə bol su qəbul edilməlidir.

Bipolyar pozğunluq, depressiya kimi psixiatrik xəstəlikləri olanların oruc tutması problem yarada bilərmi?

Psixiatrik müalicə alan xəstələr dərmanlarının qəbulunu kəsməmək şərti ilə oruc tuta bilərlər. Ancaq litium və valproik turşusu tərkibli dərmanlar başda olmaqla əhval-ruhiyyəni tarazlaşdıran dərmanlardan istifadə edənlər su itkisi səbəbilə dərmanların qanda nisbi olaraq artması problemi ilə qarşılaşa bilərlər. Buna görə də belə xəstələrin Ramazan ayından əvvəlki gündəlik maye qəbulu miqdarını qoruyub saxlaması və ya dərmanlarının miqdarının yenidən nizamlanması üçün həkimlə məsləhətləşmələri lazımdır. Bu xəstələrin həkimin məsləhəti ilə və razılığını almaq şərti ilə gündüz qəbul ediləcək dərmanları sahurda qəbul etmələri mümkün ola bilər.

Gün ərzində bölünmüş dozalarda dərman qəbulu lazımdırsa, bu dozanın nizamlanması sahur və iftara bölünə biləcəyi kimi, dozanın azaldılması da mümkün ola bilər. Bu nizamlamanın xəstənin həkimi tərəfindən aparılması mütləqdir. Xəstə bunu özbaşına etməyə çalışmamalıdır. Çünki psixiatrik xəstəliklər təkrarlanma potensialına malikdir.

Oruc tutanlarda tez-tez rast gəlinən zehni yorğunluğun qarşısı alına bilər

Yuxu, qidalanma və maye qəbuluna diqqət edərək oruc tutanlarda tez-tez müşahidə olunan zehni yorğunluğun qarşısı alına bilər. Yuxunun azalması insanın nəqliyyatda diqqətinin dağılmasına və yol  qəzalarına səbəb ola bilər. Buna görə də yuxu və qidalanma, maye qəbulu balansının düzgün qurulması insanın gündəlik həyatının pozulmaması baxımından böyük əhəmiyyət daşıyır.

Oruc tuta bilməyən insanlarda müşahidə olunan günahkarlıq hissinin qarşısının alınması üçün gərəkli olan tədbirlər

Hər hansı xəstəlik səbəbilə oruc tuta bilməyənlər dini baxımdan məsuliyyət daşımırlar. Çünki onlar özlərindən asılı olmayan fiziki problemlər səbəbilə oruc tutmurlar. Yəni oruc tutmamaq öz seçimləri deyil. Bu insanlar bu mövzuda hər hansı bir məlumatı olmayanların rəylərinə qulaq asaraq sağlamlıqlarını təhlükəyə atmamalıdır. Dini mövzudakı suallara din adamlarına müraciət edərək cavab tapa bilərlər.

Orucun uşaqların psixologiyası üzərindəki təsirləri

Günümüzdə bir çox insan tez-tez “Harda qaldı o keçmiş Ramazanlar?” deyə gileylənir. Əslində isə dəyişən Ramazan deyil, Ramazanla bağlı qəbul olunmuş düşüncələrdir. Hazırda uşaq olanlar da gələcəkdə bu Ramazanları axtaracaqlar. Çünki Ramazan digər aylardan fərqli bir atmosferə sahibdir. Gecə sahura qalxma, axşam iftar zamanını gözləmə, dəvətlər, iftar yeməkləri, təravih öncəsi və sonrasında küçələrdəki canlanma Ramazanın beyinlərdə fərqli qavranılmasına səbəb olur. Bu fərqli atmosfer də uşaqların bu Ramazan coşqusuna ortaq olmalarını təmin edir, birlik və bərabərlik hisslərinə müsbət  təsir edir.

Oruc tutmanın psixologiyamıza müsbət təsirləri

Oruc tutmaq dini öhdəlikləri yerinə yetirmənin vermiş olduğu huzur və məmnuniyyət hissi baxımından əhəmiyyətlidir. Bu müsbət təsir sadəcə orucla məhdudlaşmır. Dinin insan üzərində müsbət təsiri məlumdur və bu, bütün dünya tərəfindən də qəbul olunub. Xüsusilə yay aylarında daha zəhmətli olan oruc ibadəti insanda zövqlərini və ehtiyaclarını təxirə salması səbəbilə Allaha yaxınlıq hiss yaradır və insan əmri yerinə yetirmiş olmağın verdiyi rahatlığı yaşayır. İnsan özünü digər ibadətlər baxımından tənqid edirsə, bu əmri yerinə yetirdiyi üçün ümidlənir. Allaha yaxın olmanın verdiyi güvən insanda narahatlıq hissini də azaldır. Oruc cəmiyyətdə özü kimi digər insanların da eyni narahatlıqlara dözüb ümidlə qarşılığını gözləməsi baxımından ictimai yöndən də birləşdirici rola malikdir.

Saglamolun.Az