ət-Təkvir (Sarınma) surəsi
(Məkkədə nazil olmuşdur, 29 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
2 - Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
3 - Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
4 - (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
5 - Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
6 - Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
7 - Ruhlar (bədənlərə) qovuşacağı zaman;
8 - Diri-diri torpağa gömülən körpə qızdan:
9 - “Axı o hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman;
10 - Əməl dəftərləri açılacağı zaman;
11 - Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
12 - Cəhənnəm alovlandırılacağı zaman;
13 - Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;
14 - Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!
15 - And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;
16 - (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);
17 - Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)
18 - Və sökülməkdə olan dan yerinə ki,
19 - Bu (Quran Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.
20 - (Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).
21 - (Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir.
22 - (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!
23 - And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.
24 - O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.
25 - O (Quran) da məlun (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.
26 - Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz?
27 - O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.
28 - Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.
29 - (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)
Saglamolun.Az