əl-Ğaşiyə (Bürüyən) surəsi
(Məkkədə nazil olmuşdur, 26 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?
2 - (O gün) bir çox üzlər zəlil görkəm alacaq;
3 - (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;
4 - Yanar oda girəcəkdir;
5 - Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.
6 - Onların yeməyi (zəhərdən və acı) zəridən başqa bir şey olmayacaqdır.
7 - (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.
8 - (O gün) bir çox üzlər sevinəcək;
9 - (Dünyadakı) zəhmətindən razı qalacaq;
10 - (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq,
11 - Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.
12 - Orada axar bulaq;
13 - Orada uca taxtlar;
14 - (Çeşmələr kənarında) piyalələr;
15 - Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar
16 - Və döşənmiş (nəfis) xalılar vardır!
17 - Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?
18 - Göyə (baxmırlar ki) necə ucaldılmışdır?
19 - Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?
20 - Və yerə (baxmırlar ki) necə döşədilmişdir?
21 - (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!
22 - Sən onların üzərində hakim deyilsən!
23 - Lakin kim (imandan) üz döndərib (Quranı) inkar etsə
24 - Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!
25 - Şübhəsiz ki, onların axır dönüşü Bizədir!
26 - Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!
Saglamolun.Az