75. əl-Qiyamə surəsi

əl-Qiyamə (Qiyamət) surəsi

(Məkkədə nazil olmuşdur, 40 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - And içirəm qiyamət gününə;
2 - And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
3 - Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
4 - Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
5 - Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
6 - Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar.
7 - Göz (heyrətdən) bərələcəyi;
8 - Ay tutulacağı;
9 - Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -
10 - Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.
11 - Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
12 - O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
13 - O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!
14 - Doğrusu, insan özü-özünə şahiddir!
15 - O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
16 - (Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!)
17 - Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
18 - Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
19 - Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
20 - Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
21 - Axirəti isə tərk edirsiniz.
22 - O gün neçə-neçə üzlər sevinib güləcək,
23 - Öz Rəbbinə baxacaqdır!
24 - O gün neçə-neçə üzlər tutulub qaralacaq,
25 - (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!
26 - Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
27 - “(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi,
28 - (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
29 - Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
30 - Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
31 - Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.
32 - Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
33 - Sonra da özünü darta-darta ailəsinin yanına getdi.
34 - Vay sənin halına, vay!
35 - Yenə də vay sənin halına, vay!
36 - Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
37 - Məgər o tökülən bir qətrə nütfə deyildimi?!
38 - Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).
39 - Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.
40 - Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!

Saglamolun.Az