ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Kakao tərkibli məhsullar sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə tanınır. Müxtəlif beynəlxalq araşdırmalar, Avropa alimlərinin tədqiqatları və ABŞ-da aparılan genişmiqyaslı COSMOS (Cocoa Supplement and Multivitamin Outcomes Study) layihəsi göstərib ki, kakao flavanollar və teobromin kimi bioaktiv maddələrlə zəngindir. Bu maddələr antioksidant və iltihabəleyhinə təsir göstərir, ürək-damar sağlamlığını dəstəkləyir və koqnitiv funksiyalara müsbət təsir edir. Hətta bəzi nəticələr kakao qəbulunun ürək-damar xəstəliklərindən ölüm riskini azaltdığını göstərib. Bununla yanaşı, Böyük Britaniyada yerləşən Kral Kolleci Londonun alimləri teobrominin bioloji yaşlanmanın ləngiməsi ilə əlaqəli ola biləcəyini bildirib.
Lakin mütəxəssislər vurğulayıb ki, kommersiya şokoladları, yəni sənaye üsulu ilə istehsal olunan şokoladlar eyni dərəcədə faydalı deyil. Süd və ağ şokoladlarda şəkər və yağ çox, faydalı maddələr isə az olur. Ən yaxşı seçim flavanol baxımından daha zəngin olan tünd şokolad hesab edilir.
Buna baxmayaraq, şokoladın gündəlik qida kimi deyil, az miqdarda və ölçülü şəkildə istehlakı tövsiyə olunur.






















