Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Elmi-Praktik Konqresinin açılışı baş tutub

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Elmi-Praktik Konqresinin açılış mərasimi keçirilib.

Sağlamolun.az xəbər verir ki, konqres Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri Çingiz Rəhimov bildirib ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunan konqres səhiyyə sahəsində keçirilən tədbirlər arasında ən irimiqyaslılardandır.

Qeyd olunub ki, 30-dan çox ölkədən tanınmış məruzəçilərin qatıldığı tədbirin elmi proqramı ağız və üz-çənə cərrahiyyəsi ixtisası ilə yanaşı, qonşu peşə sahələrini də əhatə edir.

Bunlara stomatologiya, üzün plastika və rekonstruksiya cərrahiyyəsi, baş boyun onkologiyası, otorinolarinqologiya və kosmetologiya aiddir.

Çingiz Rəhimov qeyd edib ki, konqres "Əməkdaşlıq şüarımızı genişləndirək" şüarı altında keçirilir.

Konqresdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bildirib ki, son iyirmi ildə ölkəmizdə 750-dən çox tibb müəssisəsi inşa olunub, ən yüksək texnologiyalarla təchiz edilərək əhalinin istifadəsin verilib:

"Hazırda Azərbaycan səhiyyəsinin qarşısında duran ən mühüm məsələlərindən biri işğaldan azad olunmuş ərazilərdə viran edilmiş səhiyyə müəssisələrinin yenidən bərpa edilməsidir. Bu istiqamətdə artıq uğurlu addımlar atılır. Qədim Şuşada çoxprofilli xəstəxana kompleksinin inşası bitmək üzrədir. Əminəm ki, xəstəxana yaxın vaxtlarda istifadəyə veriləcək".


Konqresdə Səhiyyə nazirinin müavini Nadir Zeynalov da iştirak edib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, konqresin işi oktyabrın 14-də yekunlaşıb.

 

Saglamolun.Az