Xroniki qaraciyər xəstəliyi qaraciyərin ciddi və geridönməz dərəcədə zədələnməsinin 6 aydan çox davam etməsi prosesidir.
Əksərən bu proses yavaş və simptomsuz gedir, illərlə ərzində davam edir.
Əsas səbəbləri: Xroniki alkoqolizm və virus hepatitləridir (Hepatit B və C).
Sirroz isə qaraciyər toxumasının sərtləşməsi və sonda kiçilməsi nəticəsində qaraciyərin funksiyasının itirilməsi ilə nəticələnən patoloji durumdur.
SİRROZUN ƏLAMƏTLƏRİ:
- Anemiya (qanazlığı), sarılıq, qaşıntı
- Davamlı ürəkbulanma
- Təngnəfəslik, köp, qarında şişkinlik
- Gün ərzində yuxululuq, əzginlik, iştahsızlıq
- Həzmin çətinləşməsi
- Tez-tez sidiyə getmə, sidiyin rənginin tündləşməsi
- Qarında maye toplanması (assit )
- Qanaxma əlamətləri
Sirroz zamanı insanda Portal hipertenziya əmələ gəlir, yəni qaraciyərin qapı venasında təzyiq artır. Bu zaman qaraciyərə gələn vena damarlarında durğunluq yaranır.
Portal hipertenziyanın əlamətləri:
- ASSİT (QARINDA MAYE YIĞILMASI)
- SPLENOMEQALİYA (DALAĞIN BÖYÜMƏSİ)
- QİDA BORUSU VENALARININ GENİŞLƏNMƏSİ
Bu cür genişlənmiş venalara "varis" deyilir. Varislərdə qanın təzyiqi xeyli yüksəkdir. Bu isə kəskin qanaxmaya səbəb ola bilər!
QİDA BORUSU VARİSLƏRİ NƏDƏN YARANIR?
Əsas səbəblər: Xroniki qaraciyər xəstəlikləri, Sirroz (qaraciyərin ölçüsünün kiçilməsi və sərtləşməsi). Nadir hallarda digər səbəblərdən də ola bilər (məsələn, Portal vena trombozu ).
Simptomlar: Qanaxma olmayana qədər heç bir əlamət verməyə bilər! İlk vaxtlar xəstədə yüngül qanaxma olur və qan bağırsaqlardan keçərək qara, qətran kimi nəcis ifrazına (melena) səbəb olur. Qanaxma artarsa al qırmızı rəngli qusma başlayır!
Diaqnostika: Ən dəqiq diaqnostika metodu endoskopik müayinədir. Bu müayinə ilə varisin dərəcəsi, qanama riskinin dərəcəsi aşkar olunur. Qida borusu varislərinin 3 dərəcəsi var. Xüsusən 3-cü dərəcə varislər qanaxmaya meyllidir.
Əgər irəliləyən bir qaraciyər xəstəliyiniz varsa, ilk öncə qida borusu varisi düşünülməlidir və xəstə endoskopik müayinədən keçirilməlidir! Müayinə zamanı qida borusunda varis aşkar olunarsa, onun dərəcəsinə uyğun olaraq müalicə taktikası seçilməlidir!
Müalicəsi: Əsas müalicə metodu endoskopik bant ligasyonudur. Xüsusi endoskopik üsullarla genişlənmiş venoz damarlar elastik bantlarla bağlanır və problem aradan qaldırılır! Belə xəstələr daimi həkim-qastroenteroloqun nəzarətində saxlanmalıdır!
Tərlan Qasımov
Qastroenteroloq-İnvaziv Endoskopist
.
Saglamolun.Az