Daha bir epidemiya sona çatdı - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ekvatorial Qvineyada 4 aydır davam edən Marburq virusunun yaratdığı epidemiyanın sona çatdığını açıqlayıb.

"Ekvatorial Qvineyada Marburq epidemiyası bu gün başa çatıb, sonuncu xəstə evə buraxıldıqdan sonra 42 gün ərzində yeni yoluxma halı qeydə alınmayıb", - deyə, ÜST-nin bəyanatında bildirilib.

İlk Marburq virusuna yoluxma faktı fevralın 13-də Ekvatorial Qvineyada aşkarlanıb. Ebola virusu ilə eyni ailədən olan Marburqun dörd ayda ən azı 34 nəfərin ölümünə səbəb olduğu təxmin edilir. Ölənlərdən 12-nə dəqiq diaqnoz qoyulub, digər 23-nün virusdan öldüyü güman edilir.

Məlumdur ki, ölümcül virus tez-tez yüksək hərarət, qanaxma və orqan çatışmazlığına səbəb olur.

Qeyd edək ki, Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkar edilib.

Meyvə yarasaları vasitəsilə yoluxan Marburq virusu insanlar arasında bədən mayeləri və ya yoluxmuş şəxslərin təması zamanı yayılır. İnfeksiyaya yoluxmuş şəxslərdə yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi əlamətlər birdən-birə baş verir və bir çox xəstələrdə 7 gün ərzində ağır hemorragik simptomlar inkişaf edir.

Peyvəndi və ya xüsusi müalicəsi olmayan Marburq virusunun ölüm nisbəti 24% ilə 88% arasında dəyişir.

2005-ci ildə Anqolada Marburq virusunun yayılması zamanı virusa yoluxan 252 nəfərin 90 faizi həyatını itirib.

 

medicalmedia.az 

Saglamolun.Az