Dövlət xəstəxanaları özəllərdən daha prestijlidir - DİREKTOR

“Dövlət tibb mərkəzlərinin maddi-texniki bazası, özəl tibb müəssisələrinin maddi-texniki bazası qədərdir. Hətta hazırda İcbari Tibbi Sığorta çərçivəsində alınan elə avadanlıqlar var ki, o avadanlıqlardan özəl tibb müəssisələrində yoxdur, yalnız dövlət tibb mərkəzlərində mövcuddur”.

Bunu yerli telekanallardan birində proqramda çıxışı zamanı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

Onun sözlərinə görə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, güclü, ixtisaslı və peşəkar həkimlər ancaq özəl xəstəxanalarda işləyirlər. Bu da yanlış fikirdir. Son 2 il ərzində Azərbaycanın müxtəlif yerlərində, eləcə də paytaxt Bakıda yerləşən 50-yə yaxın özəl tibb mərkəzlərindən tanınan həkimlər Kliniki Tibbi Mərkəzə işə qəbul edilib. Bizdən işdən çıxanlar da olub, amma işə qəbul edilənlərin sayı çıxanlarla nisbətdə qat-qat çoxdur. Onların içində Türkiyədə, Almaniyada uzmanlıq təhsili alan həkimlər də var. Hətta bəzi yüksək ixtsaslı peşəkar həkimlərimiz var ki, onlar heç bir özəl xəstəxanada fəaliyyət göstərmirlər.

Könül Ələkbərov bundan başqa xəstəxana çatışmazlığı məsələsinə də aydınlıq gətirib:

“Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən xəstəxana çarpayısı sayı beynəlxalq standartlara uyğundur. Yəni əhalinin say nisbətinə görə xəstəxanalarda çarpayı mövcuddur. Sadəcə bizdə hələki öncədən reserv sistemi tam formalaşmayıb. Bu baxımdan bəzi problemlərin mövcudluğu hiss olunur”.

Bundan başqa, Könül Ələkbərov qeyd edib ki, həkimlərin maaşı da normaldır, minimum əmək haqqı 1200 AZN-dir.

medicalmedia.az 

 

Saglamolun.Az