Aptekdən dərman alanda telefonunuz üstünüzdə olsun: Bu üsulla da yoxlayın

“Türkiyədə hər bir əczaçı sadəcə bir aptek aça bilər. Mütləq aptek işlədən şəxsin əczaçılıq diplomu olmalıdır. Burada ortaq aptek açmaq qanunla qadağandır. Yəqin ki, Azərbaycan və Türkiyə əczaçılıq sistemi arasındakı ən böyük fərq budur”.

Bunu Medical Media-ya açıqlamasında Türkiyənin İstanbul şəhərində aptek müdiri kimi fəaliyyət göstərən azərbaycanlı əczaçı Vəfa Budaqova deyib.

O bildirib ki, Türkiyədə apteklər hamısı eyni saatda açılır, eyni saatda bağlanır. Apteklərin hamısı saat 09:00-19:00-a qədər işləyir. 19:00-dan sonra isə növbətçi apteklər fəaliyyətə başlayır. Hər bölgədə aptek sayına görə, 4-5 növbətçi qalır.

Vəfa Budaqova deyib ki, İstanbulda bu aptekləri İstanbul Əczaçı Odası adlandırılan rəsmi qurum təyin edir. İş saatları xaric növbətçi olmayan apteklərdə satış qəti qadağandır, bu da ən böyük fərqlərdən biridir.

“Bundan başqa, aptekə gələn xəstələrin çoxu dövlət və ya özəl sığortalara bağlıdır. Yəni, həkimlərin yazdıqları reseptləri sığorta üzərindən alırlar. Aptekin satış proqramları bu sistemə uyğunlaşdırılıb. Bir digər fərq də dərman qutusunun qulaqcığında "karekod" dediyimiz barkod sisteminin mövcudluğudur. Bu barkod ilə hansı dərmanın nə vaxt və hansı aptekdən alındığını təyin etmək olur”,- deyə Vəfa Budaqova bildirib.

Sevinc Hüseynova 

Saglamolun.Az