Səhiyyə Nazirliyi hamilə qadınları peyvənd olunmağa çağırıb

Səhiyyə Nazirliyi hamilə qadınlara hamiləliyin 12 həftəsindən sonra mRNT Pfizer vaksini ilə peyvənd olunmağı tövsiyə edib.

"Xəbər365"in xəbərinə görə, Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir:

"Son elmi tədqiqatların nəticələrini, bir sıra ölkələrin vaksinasiya təcrübəsini, ÜST-ün, CDC-nin, FDA-nın tövsiyələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT Pfizer vaksini ilə peyvənd olunmağı tövsiyə edir."

Məlumata görə, risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında mRNT Pfizer  vaksini ilə peyvənd oluna bilərlər.

Hamilə qadınlar peyvənd olunduqda, onların əks göstəriş sertifikatının vaksin sertifikatı ilə əvəzlənəcəyi bildirilib.

Saglamolun.Az