Tarix yazan oğullarımız öz qollarının gücü ilə yanaşı ürəklərinin böyüklüyünüdə nümayiş etdirdi bütün dünyaya. 27 il öncə mənfur düşmən qoca, körpə, qadın bilmədən bütün dinc əhaliyə soyqırım yaşatdı.
Lakin bugünkü gün bizim igidlərimiz döyüşdə mərdlikləri ilə bir daha azərbaycanlı olduqlarını sübut etdilər.
Gəlin elin igid oğlu Məmmədzadə Orxan Təbriz oğlunu tanıyaq. O, 1993-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Qardaşının döyüşdə olmasına baxmayaraq, Orxan dəfələrlə könüllü olaraq cəbhəyə getmək üçün müraiət edib.
“Mənim qardaşım hazırda əsgər olduğu üçün mənə bildirirdilər ki, sizin getməyinizə ehtiyac yoxdur. Axırda gördülər ki, fikrimdən dönən deyiləm və 27-si günü cəbhəyə gedən avtobuslardan biri ilə məni yola saldılar. 29 gün döyüşdə oldum. 24 hücum əməliyyatında və Füzulinin 8 kəndinin alınmasında iştirak etmişəm. PKK-ya qarşı üzbəüz döyüşdə avtomatın gülləsi açılaraq ayağıma girdi və xəstəxanaya göndərildim”.
Orxan döyüş zamanı saysız erməni əsgəri öldürsə də, balaca bir erməni körpəsinin həyatını xilas edib.
“Füzulinin kəndlərin birinə basqın edirdik. Düşmənləri qırdıqdan sonra bir az aralıda ferma kimi bir yer gördük. Bu bizim diqqətimizi çəkdi. Çünki, bütün gün döyüşdə olmuşduq və yemək gətirmək üçün yenidən 8-10 km geri qayıtmalı idik. Düşündük ki, fermada toyuq, cücə, qaz olarsa, bu 2-3 gün bizim yeməyimiz ola bilər. Bu fikirlərlə fermaya girməyə qərar verdik.
Çox ehtiyatla hərəkət edirdik ki, hər an bizə tələ qurmuş ola bilərlər. Birdən uşaq ağlamasının səsini eşitdik. Otağa girəndə gördüm ki, çarpayının üstündə balaca bir köpə var. Hardasa 7 aylıq olardı. Belinə ip bağlayıb biraz irəli çəkdim ki, görüm uşağın altında hər hansı partlayıcı quraşdırılmayıb. Şükürlər olsun ki, heç nə yox idi.
Uşağı qucağıma aldım. Çörəyi suya batırıb dodağına sürtdüm ki, mədəsinə bir şey getsin. Uşaq ağlamaqdan göyərmişdi. Sakitləşdirdim. Sonra qərar verdim ki, onu buradan aparmaq lazımdır yoxsa öləcək. Uşağı bükdüm və silahımı yoldaşlarıma təslim edib 8 km geri qayıtdım. Yol boyu gah snayper, gah minamyot atırdılar. Yanımda torpaq qalxırdı və başımnan aşağı tökülürdü. Güc-bəla ilə uşağı gətirib çatdırdım. Rəis heyətindən biri çıxdı qarşıma dedi niyə özünü təhlükəyə atıb gətirdin? Dedim körpədir. Biz də qocaları, körpələri qırsaq ermənidən fərqimiz olmaz. Biz torpaq davası edirik. Döyüşə kişi kimi girmişik kişi kimi də çıxmalıyıq.
Uşağı təhvil verdim və gecə yenidən yoldaşlarımın yanına yollandım”.
Orxan bildirir ki, uşağı əvvəl xəstəxanaya sonra isə Bakıya yollayıblar. (Azerforum.com)
Saglamolun.Az