"Cəbiş müəllim"in qızı danışdı: Atam o ailəsindən imtina etmişdi, öləndə də onlarla halallaşmaq istəmədi

Mərhum aktyor Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova Buta.ws saytına eksklüziv müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Sevil xanım, ötən gün Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişinə gələn bir xanım sizin mərhum atanızın nəvəsi olduğunu bildirib. Sizi verilişə dəvət etsələr də getmədiniz, heç bir açıqlama vermədiniz. Buna səbəb nə idi?

- Məni o gün Zaur Baxşəliyev “Bizimləsən” verilişinə dəvət etdi. Sadəcə olaraq nəvəm xəstə idi, nə anası, nə də dayəsi evdə yox idi. Onu evdə tək qoyub gələ bilməzdim. İkinci səbəb isə həyat yoldaşımın mənə icazə verməməsi oldu. O istəmədi ki, özümü o xanımın səviyyəsinə salım. Yoxsa ki, istəyirdim efirə çıxım, o qadını əməlli başlı susdurum! Mənim əlimdə faktlarım, dəlillərim var.

- Bəs əsl həqiqət necədir? Həqiqətənmi o xanım sizin atanızın nəvəsidir?

- Bu atamın pərdəaarxası həyatı ilə bağlı olan bir hadisədir. Orada elə incə məqamlar, incə nüanslar var ki, mən onlara toxunmaq istəmirəm. Necə deyərlər, sandığı açıb, pambığı çölə tökmək istəmirəm. Atamın dediyinə görə  bu onun cavanlıq səhvi olub. Cavan olub da, gedib ilişib bir xanıma. Atam o vaxt atasız, anasız olub. 1936 cı ildə  də bu qadının anası dünyaya gəlib, 1941-ci ildə də mənim atam müharibəyə gedib, müharibə bitəndən sonra atam vətənə qayıdıb.

- Xanım müsahibəsində bildirib ki, atanız qızını, yəni onun anasını “detdom”a atıb...Bu haqda nə deyə bilərsiniz?

- Yalançı adamlar adətən çox and içirlər, mən and içməyi xoşlamıram. Mən qurana əl basa bilərəm, Allaha and içərəm ki, o qadın yalan deyir ki, atam onu öz əliylə aparıb, detdoma verib. O yalan sözdür. Atam sağ olsaydı o qadın hünər edib, efirə çıxıb bu sözləri deyə bilməzdi. Mənim atam müharibəyə gedəndə atamın dırnaqarası “qızı” uşağ olub. Nənəsinin himayəsində qalıb, sonra onun anası, nənəsi də rəhmətə gedib. Bu uşaq qalıb qohum əqrəbasız, heç kimi olmayıb. Bu sözləri özümdən demirəm, atamın, nənəmin, babamın dilindən eşitmişəm. Bunu bilmirəm kimlərsə aparıb  Bakıdakı uşaq evinə qoyub. Sonra həmin uşaq evi Gəncəyə, Göy gölə köçüb. Bu cür olub. Atam müharibədən qayıdandan sonra 1946-cı ildə mənim anamla tanış olub, evlənib.

- Atanızın valideynləri onun bir dəfə evli olduğundan, övladının olduğundan xəbərləri olub?

- Babamla nənəm biləndəki atamın əvvəlki nigahdan bir qızı var, atamdan xahiş ediblər ki, gedib götürək həmin qızı. Gətirib yanlarında saxlayıblar. Mənim babam o vaxtı yaxşı yerlərdə işləyib, bir neçə zavodlarda direktor olub. Babam öz evində atama otaq da, ev də verib. Mənim anam da, xalalarım da o qıza baxıblar. Sonradan onu bir oğlana nişanlayıblar. Çox şeyi açıqlama istəmirəm, çünki şalbanın bir ucu mənim atama dəyir. Bütün korifey sənətkarların pərdəarxası həyatında müəyyən səhvlər olur. Bunları efirə çıxarmaq olmaz!

- Efirdə sizin Süleyman Ələsgərovun uşaq evindən götürülmə qızı olduğunuz deyilir. Bu həqiqətdir?

- Bu söz həqiqətən də məni çox qıcıqlandırdı! Mən istəyirdim Zaura sual verim ki, ay oğul, götürülmə uşaq nə vaxtdan övlad sayılmır? Bu övlad deyil məgər? Əksinə götürülmə uşağın qiyməti, hörməti daha yüksək olur. Atam bu nəvəsindən imtina edib, amma açıqlamaq istəmirəm nəyə görə?! Mən bu xanıma dırnaqarası “nəvə” deyirəm. Səbəbini isə sizə belə izah edəcəm! Atam hələ sağlığında mənə dedi ki, sənə qadağan edirəm onlarla münasibət, ünsiyyət qurmağı. O qadın mənim anamı günahkar saymasın ki, guya mənim atam anamdan qorxub, gəlib qızını axtarmayıb. Xeyr! Mənim anam o qızla rəfiqə olublar bir evin içində, çox mehriban da dolanıblar. Mənim onda 6 yaşım var idi, hər şey yadıma gəlir. Əgər onların dediyi kimidirsə mənim anam 1985-ci ildə dünyasını dəyişib, atam istəsəydi onları axtara bilməzdi? Kim ona söz deyə bilərdi? Amma atam getmədi, çünki utanırdı, qaçırdı onlardan. Bircə dəfə Zaur o qadına sual verərdi ki, baba, baba deyirsən, babanızla bir şəkiliniz varmı? Və yaxud da baba ilə bağlı bir xatirə danışardı o qadın! Xatirəsi də yoxdur axı..

- Siz həqiqətənmi Süleyman Ələsgərovun götürülmə qızısız?

- Mən ilk dəfə bu faktları sizə açıqlayıram! Atam anamı sevib alıb, anamın sadəcə övladı olmayıb. 10 il gözləyəndən sonra bacı-bacıya öz övladını verib. Xala bildiyim şəxs mənim anam olub. Mən doğulan kimi elə birbaş xəstəxanadan bacı öz bacısına məni götürüb verib. Mən hər iki anamın ruhu qarşısında baş əyirəm. Ona görə ki, mənim anam gör nə qədər fədakar bir qadın olub ki, götürüb öz balasını bacısına verib. Kim öz balasından keçər? O istəyib ki, bacısı da qucağı uşaqlı olsun, onun da evində körpə nəfəsi eşidilsin! Atam uşağ üstündə ayrıla bilərdi, amma atam anamı o qədər sevib ki, ayrılmayıblar. Atam məni öz qızından artıq, doğam balasından artıq əzizləyib, ərköyün böyüdüb! Atamla bağlı xatirələrim o qədər çoxdur ki, iki cild kitab yazsam da o kitablar dolmaz. O xanım efirdə etiraf etdi ki, babam bizə baxmayıb, bizi qəbul etməyib! Sən utanmırsan, hansı üzlə efirə çıxıb, özünü nəvə adlandırırsan? Atam həyatdan köçənə qədər gözü bizi yəni mənim övladlarımı, yoldaşımı axtarırdı. Həyat yoldaşım onun üçün iki dayə tutmuşdu, biri səhər gəlirdi, digəri axşam! Atamın dünyasını dəyişməsinə 2 gün qalmış ona dedim ki, icazə ver, sənin qızın Humayı gətirim, bəlkə onunla halallaşmaq istəyirsən? Övladındır da, qoy deyim ona gəlsin! Mənim baldızım da, yoldaşım da, xalalarım da o otaqda idi. Atam əliylə mənə “yox” işarəsi etdi, başını da buladı ki, istəmirəm. Atam dünyasını dəyişəndə yenə də özümə borc bilib, bu dırnaqarası “nəvə”ni gətizdirdim ki, qoy atamın ölümündən xəbərləri olsun. Onun ixtiyarı yoxdur ki, durub xalq qarşısında, efirdə mənim haqqımda “götürülmə övlad” desin. Mən onu məhkəməyə verə bilərəm!O mənim atamla özümüzə aid olan sirrimiz idi.

- Atanız sağlığında bunu sizə deməmişdi?

- Atam dünyasını dəyişməzdən 1 həftə öncə məni yanına çağırdı, otaqda ikimiz idik. Gəlib oturdum onun çarpayısının yanında. Mənə dedi ki, qızım mən sənə bir sirr açmaq istəyirəm, bütün əvhalatı başdan ayaqa mənə danışdı! Dedi ki, mən yenə də bu sirri özümlə gizlin qəbr evinə aparardım, amma mən bunu sənə ona görə deyirəm ki, öləndən sonra sən həyatda özünü tək hiss etməyəsən! Yəni biləsən ki, sənin anan kimdir, iki qardaşın var. Mən bunu onda bildim! Efirdə bu söz deyiləndən sonra mənə bir bilsəniz ki, nə qədər zənglər gəldi! Mən özümü çox pis hiss etdim! Axı bu sirrin bilinməyinin nə mənası var idi?! Mən də deyə bilərdim ki, sənin anandan, doğma qızından niyə atam imtina edib?! Ancaq yenə də mən onları demirəm, ayıbdır! Son sözüm isə budur ki, bir də mənim atamın efirdə şəxsi həyatı müzakirə olunsa mən lazımı dövlət qurumlarına müraciət edəcəyəm!

Saglamolun.Az