Tünzalə Əliyeva: Balamın anasız böyüməsini istəmirəm...

Həyat bəzən acımasız, qəddar olur. Onunla mübarizə aparmaq üçün isə ilk növbədə insana iradə lazımdı.

Xüsusilə də insan xəstəliklə sınağa çəkilirsə, o zaman iradəni tam ortaya qoymaq üçün güclü olmağa məcbursan. Çünki əyilsən, o sənə daha tez qalib gələr. Bu gün dünyada bir çox insanlar xərçəng xəstəliyi ilə mübarizə aparırlar. Azərbaycanda da bu xəstəliklə mübarizə aparanlar az deyil. Onlar arasında tanınmışlar da var. Bu yaxınlarda xərçəngə tutulduğunu bilən əməkdar artist, el arasında daha çox "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa Tünzalə Əliyeva da xərçənglə mübarizəyə başladı.

Əməliyyatdan sonra müalicələr alan əməkdar artistlə dərdləşmək istədik. Həm ona mənəvi dəstəyimizi hiss etdirməyə çalışdıq, həm də dərdinə bir az da olsa şərik olub həmsöhbət olduq. Sherg.az-a xəstəliyindən danışan aktrisanın könül dağladan açıqlamalarına isə yəqin ki, oxucular da laqeyd qalmayacaq.

- Necəsiz, Tünzalə xanım? Özünüzü əməliyyatdan sonra necə hiss edirsiz?

- Çox təşəkkür edirəm. Mətbuatın mənə olan diqqətinə görə hər bir qələm sahibinə təşəkkür edirəm. Hazırda xəstəxanadayam. Şüa qəbul edirəm. Şükür, indi xeyli yaxşıyam.

- Kimyaterapiya götürməyə nə mane olur?

- Qanım çox aşağıdır. Qanım qalxmayana qədər kimya götürə bilmərəm. Daha doğrusu, ağ qanım olduğundan kimyaterpiya götürə bilmirəm. Qanım, səhhətim kimyanı götürməyə imkan vermir. Ona görə də şüalar qəbul edirəm.

- İlk dəfə xərçəng olduğunuzu biləndə reaksiyanız necə oldu?

- Biləndə ki, xərçəng xəstəliyim var, şoka düşdüm. Mənim üçün gözlənilməz idi. Düzdü, heç kim özünü xəstəlikdən sığortalaya bilməz. Amma nədənsə, ağlıma gəlməzdi ki, mən də xərçənglə mübarizə aparacam. Amma həyatdı. Başqa bir səbəbdən xəstəxanaya getmişdim. Bətnimdə 1 ay yarımlıq körpəm var idi. Hamilə idim, övlad gözləyirdik. Məlum oldu ki, bətnimdə uşaq tələf olub. Həkimə bu üzdən getmişdim. O prosedurda məlum oldu ki, xərçəng xəstəliyinə tutulmuşam.

- Yoldaşınızın reaksiyası necə oldu?

- Yoldaşım xaraktercə hisslərini gizlədən insandı. Eşidəndə susdu və bir an sakit dayandı. Sonra özünü toparlayıb bildirdi ki, bu xəstəliklə mübarizə aparan insanlar çoxdu. Mübariz ol, Allah böyükdü. İnşallah sağalarsan. Yəni bilirdim ki, həssas insandı. Mənə nəsə hiss etdirməsə də, amma çox təsirlənmişdi.

- Bu xəstəllik insandan iradə tələb edir. Özünə nə deyirsən?

- Allahdan ümidimi kəsmirəm. İnşallah yaxşı olacam. Mən inanıram, inanmaq istəyirəm ki, bu xəstəliyə qalib gələcəm.

- Bu xəstəliklə mübarizədə doğmaların, ailə üzvlərinin dəstəyi vacibdi. Yoldaşın sən əməliyyat olunanda təsirli paylaşımlar da etmişdi. Bəziləri bu xəstəliyə tutulan qadınları tək qoyurlar. Sənin həyat yoldaşın isə əksinə, sənə dəstəyini hiss etdirirdi.

- Mən həqiqətən ailəmin dəstəyini hiss edirəm. Həyat yoldaşım ilk andan mənə qayğısını, sevgisini, diqqətini göstərib. Qayınanam mənə çox dəstək olur. Əslində qayınana da deməzdim, o mənə analıq, bacılıq edib, övladıma analıq edir. Hərdən deyirəm ki, ay "mama", uşaq səni ana bilir. Çünki o, qızımı böyüdür. Xəstəlik dönəmində, müalicəm zamanı da qızıma qayınanam baxır. Həyat yoldaşım mənə mənəvi dəstəyini əsirgəmir.

- Xərçəng xəstəliyi üçün müalicələr də kifayət qədər böyük vəsait tələb edir. Müalicələriniz üçün maddi durumunuz yetirmi?

- Bu xəstəliyim barədə məlumatım olan gündən ilk əvvəl müraciət etdiyim insan millət vəkili Qənirə Paşayeva oldu. Ona ailəm adından, öz adımdan nə qədər təşəkkür etsəm azdı. O, Milli Onkoloji Mərkəzin rəhbəri Cəmil müəllimə məlumat verdi, mənim xəstəliyimin müalicəsi üçün pulsuz şərait yaradıldı. Bura gəldiyim ilk gündən bu günə qədər mən bir manat belə xəstəxanaya pul ödəməmişəm. Əməliyyatımı da, müalicələrimi də xəstəxananın hesabına həyata keçirmişəm. Sağ olsun başda Cəmil doktor olmaqla bütün tibbi personal, mənim əziyyətimi çəkirlər. Qənirə xanım mənə çox dəstək oldu. Hacı Nuran sağ olsun, diqqətini əsirgəmir. Bu gün də mənim yanımda idi.

- Sənət dostlarınız da sizə dəstək oldular, əməliyyatdan sonra yanınıza gələnlərin sayı çox idi...

- Bəli, mən bütün sənətçi dostlarımdan yerdən göyə qədər razıyam. Allah hamıya kömək olsun. Həm mənəvi dəstəklərini hiss etdirdilər, həm də maddi dəstək oldular. Onların maddi dəstəyi olmasaydı mənim vəziyyətim lap ağır olardı. Nə yalan deyim, hazırda çalışa bilmirəm deyə maddi sıxıntılarım həddindən artıq çoxdur. Maddi köməyə ehtiyacım var. 20 illik ipoteka ilə ev götürmüşdüm. Cəmi iki ilini ödəyə bilmişdim. 18 il ev üçün ödəniş etməliyəm. Bilmirəm 18 il bu xəstəliklə yaşamağa gücüm olar, ya yox. Amma övladımın evsiz olmasını istəmirəm.

- Bununla bağlı harasa müraciət etmisiz?

- Əslində bu günlərdə məcbur qalıb müraciət etmişəm. Hətta bu gün Mehriban xanıma da yazılı müraciət ünvanladım ki, mənə kömək etsinlər. Yenə də Allaha inanıram. İnşallah hər şey yaxşı olar. Ağır xəstəlikdir. Bunu yaşayan insanlar bilir.

- Bəs iş fəaliyyətiniz, yaradıcılıq işləriniz necə, onları qismən reallaşdıra bilirsiz?

- Televiziyada aparıcı kimi fəaliyyət göstərirdim. Bu il televiziya fəaliyyətimi davam etdirə bilmədim. Yeni mövsüm üçün əvvəldən layihə təqdim etmək lazım idi. Xəstəliklə bağlı bunları yetişdirə bilmədim. Amma teatrda işləyirəm. Sağ olsun İrəvan Teatrının direktoru İftixar Piriyev, məni işə qəbul edib. Bir az da vaxt verib ki, müalicələrim bitsin. Bir də "Qız atası" serialının çəkilişlərinə gedirəm. Düzdür, belə xəstəliklə mübarizədə çalışmaq çətindir. Amma məcburam. Çəkiliş prosesində ordakıları da hərdən yorduğumu bilirəm. Çünki ağrılarım olur, tez-tez ürəyim bulanır. Amma sağ olsunlar ki, mənə şərait yaradırlar. Yenə deyirəm, o qədər ümidim var ki, bu xəstəliyə qalib gələcəyimə inanmaq istəyirəm. Bircə Allahdan onu istəyirəm ki, məni övladıma bağışlasın. Balamın anasız böyüməsini istəmirəm. Məni doğmalarıma çox görməsin. Yoldaşım üçün də çətindir. Amma o, dözümlü olmağa çalışır. Anam-atam 80 yaşlı insanlardı. Bu günə qədər də mənim xərçəng xəstəsi olduğumu bilmirlər. Yaxınlara, qonşulara da tapşırmışıq ki, onların yanında xəstəliyimi deməsinlər. Yaşlı adamlardı deyə televizordan, internetdən uzaqdılar, bilmirlər. Nə deyim ki, bu xəstəliklə mübarizə aparan hər kəsə Allah kömək olsun. Allahımı sevirəm, onun mərhəmətinə inanıram. Balamı anasız qoymayacağına ümid edirəm.

Saglamolun.Az