Dünyaya gözümüzü ilk dəfə açanda başımız üstə anamızla bahəm onu da görürük. Ağlayanda, sızlayanda, dərdimizə çarə tapmayanda anamız da ona üz tutur: Həkim, kömək edin!
Böyüyürük, həyatın enişli-yoxuşlu yolları ilə addımlayırıq, özümüzü narahat hiss edəndə, xəstəliyə ürcah olanda, ağrı-acı yaxamızdan tutanda yenə də ona pənah aparırıq: Həkim, ümid sizədir!
Doğmalarımızdan kiminsə canı ağrıyanda, kimsə ağrılar içində qovrulanda, hətta həyatla-ölüm arasında çarpışanda, ən ümidsiz və köməksiz vəziyyətdə olanda da yenə də ona üz tuturuq: Həkim, xilas edin!
Azertag.az xəbər verir ki, bu gün həkimlərin bayramıdır - ağxalatlı peşə sahibləri, xilaskar peşələri ilə xəstələri həyata qaytaran, şəfalı əlləri ilə ömürlərə ömür calayan müqəddəs peşə sahibləri nəcib və xeyirxah bir işə qulluq edirlər.
Həkimlik müqəddəs peşədir. Hippokrat andı içən xeyirxah peşə sahibləri ən ağır və çıxılmaz vəziyyətlərdə də ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Onları əbəs yerə xilaskar adlandırmırlar.
Tibb Kadrlarının Vahid Registrində ölkəmizdə 42 min 573 ali təhsilli, 75 min 458 orta təhsilli tibb işçisi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən həkimlərin 1668-i, orta tibb işçilərinin isə 1428 nəfəri özəl klinikalarda çalışır.
Böyük loğman İbn Sina yazırdı ki, həkim şahin baxışına, qız əlinə, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır. Bir də deyirlər ki, o həkim xoşbəxtdir ki, qidası dərman, dərmanı da qidadır.
Həmişə ən ağır və ümidsiz vəziyyətlərdə onlara üz tuturuq. Ağxalatlı peşə sahibləri hətta ən ümidsiz və ən ağır vəziyyətlərdə hər şeyin həm də xəstənin öz əlində olduğunu təlqin etmək üçün çox vaxt deyirlər: “Çarəsizsiniz. Çarə sizsiniz”.
Ümid yeri olmaq, şəfa paylamaq, ömürlərə ömür calamaq xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə onlar hər cür hörmət və ehtirama layiqdirlər.
Saglamolun.Az