89. əl-Fəcr surəsi

əl-Fəcr (Dan yeri) surəsi

(Məkkədə nazil olmuşdur, 30 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - And olsun dan yerinə;
2 - And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);
3 - And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);
4 - And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
5 - Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
6 - (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!
7 - Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
8 - (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
9 - (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!
10 - Eləcə də saysız-hesabsız ordular sahibi Firona?!
11 - O kəslər ki, məmləkətlərdə tüğyan edir,
12 - Oralarda çoxlu fitnə-fəsad törədirlər.
13 - Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
14 - Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
15 - İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!”–deyər.
16 - Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.
17 - Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).
18 - Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.
19 - Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).
20 - Mal-dövləti isə lap çox sevirsiniz.
21 - Xeyr! Yer dağılıb parça-parça olacağı;
22 - Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
23 - Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
24 - O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.
25 - O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!
26 - (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!
27 - (Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)
28 - Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!
29 - (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!
30 - (Onlarla birlikdə) Cənnətimə varid ol!”

Saglamolun.Az