90. əl-Bələd surəsi

əl-Bələd (Şəhər) surəsi

(Məkkədə nazil olmuşdur, 20 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - And içirəm bu şəhərə (Məkkəyə) -
2 - Sənin yaşadığın (sənə halal olan) şəhərə;
3 - And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,
4 - Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!)
5 - Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?
6 - Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir?
7 - Məgər o heç kəsin onu görmədiyini güman edir?!
8 - Məgər Biz ona iki göz vermədikmi?!
9 - Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!
10 - Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!
11 - Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükür etmədi).
12 - (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!
13 - (O) bir kölə azad etməkdir;
14 - Yaxud aclıq günü (zamanı) yemək verməkdir -
15 - Qohumluq əlaqəsi çatan bir yetimə.
16 - Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!
17 - Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!
18 - Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)
19 - Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!)
20 - Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)

Saglamolun.Az