Çox ət yeyənlər və stressdən əziyyət çəkənlər üçün yeni təhlükə – Qastroenteroloq Türkan Alyarova xəbərdarlıq etdi

“Bağırsaq ikinci beyin sayılır” deyimi xalq arasında çox məşhurdur. Çoxları bağırsaq  nahiyəsində əmələ gələn xəstəlikləri  daha  çox qida rasionuna bağlayır, yaranan poliplərin də əsas səbəbinin  dadlı yeməklər olduğunu düşünür. Həkimlər isə əksini düşünür. Bəs, gerçəklik necədir? Bağırsaq polipləri bu qədərmi təhlükəlidir? Müalicə üsulu hansıdır?

Sağlamolun.az saytına danışan  “Baku City Hospital”ın qastroenteroloq Türkan Alyarova bağırsaq polipləri, müayinə və müalicə üsullarından söz açıb.

- Adını tez-tez eşitdiyimiz bağırsaqda rast gəlinən poliplər nədir?

- Poliplər içi boşluqlu orqanların içərisinə doğru inkişaf edən anormal toxuma bölmələridir. Adından da göründüyü kimi bu anormal toxumalardır və normalda olmamalıdır. Poliplər içi boş olan bütün orqanlarda inkişaf edə bilər. Bağırsaq, uşaqlıq, sidik kisəsi, öd kisəsi, qulaq, burun, boğaz və bu kimi orqanlarda polip görə bilərik. Statistikaya görə ən çox poliplər yoğun bağırsaqda və uşaqlıqda inkişaf edir. Yoğun bağırsaq polipləri bağırsağın içəri səthindən mərkəzinə doğru inkişaf edən toxumalardır. Poliplərin iki forması vardır. Bu ayaqcıqsız və ayaqcıqlı formalardır. Bunlara saplı və sapsız da deyirik. Eyni zamanda ayaqcıqsız poliplərə yastı poliplər də deyirik.

- Poliplərin yaranma səbəbləri nədir və hansı insanlarda polip görmə ehtimalımız daha yüksəkdir?

- Çox təəssüflə qeyd etmək istəyirəm ki, poliplərin yaranma səbəbləri haqqında dəqiq bir informasiya yoxdur. Lakin araşdırmalar, statistikalar göstərir ki, poliplərin yaranma səbəbi arasında ən önəmli səbəb yaş faktorudur. Yaşla polipin yaranması arasında bir düz mütənasiblik əlaqəsi mövcuddur. Yaş artdıqca polipləri görmə ehtimalımız da artır. Bundan başqa poliplər lifli qidalarla az, ət məhsulları ilə daha çox qidalanan insanlarda görülür. Milli mətbəximizdə ətsiz yeməklər çox azdır. Kişilər daha çox ətlə qidalanmağı sevdikləri üçün xüsusilə onlarda polip görmə şansımız yüksəkdir. Əlavə olaraq hərəkətsiz insanlarda, artıq çəkidən əziyyət çəkən insanlarda, spirtli içki və tütün məhsullarından çox istifadə edən şəxslərdə polip görmə riskimiz çox yüksəkdir. Ən vacibi isə əsrimizin bəlası sayılan, kiçikdən-böyüyə hər kəsə təsir edən stress faktorudur ki, bu da poliplərin yaranmasının səbəblərindəndir.

- Poliplərin əlamətləri hansılardır?

- Çox təəssüf ki, poliplərin xərçəngləşmə prosesi başlayana kimi heç bir əlaməti olmur. Buna görə də biz qastrentoloqlar səsimizi duyurmağa çalışırıq ki, yaşınız 40-45 üzərindədirsə, əlamətiniz olmasa belə mütləq endoskopik müayinədən keçin. Müəyyən bir müddətdən sonra polip olan xəstələrdə qarın ağrısı, ishal, qanazlığı kimi şikayətlər yaranır. Çünki poliplərdən qansızmalar olur, bu da qanazlığının yaranmasına gətirib çıxarır. Qanazlığı ilə müraciət edən xəstələrə mütləq endoskopiya məsləhətdir. Ən önəmli üsul isə kolnoskapiya müayinəsidir. Bu müayinə zamanı ucunda kamera və işıq sistemi olan rezin boru şəkilli alət vasitəsi ilə xəstənin düz bağırsağından giririk və videomonitor nəzarəti altında bağırsağın bütün şöbələrini izləyərək orada olan bütün patologiyaları aşkarlayırıq. Bununla da daha düzgün müalicə taktikasını seçirik.

- Poliplər necə müalicə edilir?

-Poliplərin dərmanla heç bir müalicə üsulu yoxdur. Onların yeganə müalicə üsulu yoğun bağırsaqdan kəsilib götürülməsidir. İnsanlar arasında belə bir şaiə yayılıb ki, onu kəssək yayılacaq, artacaq. Bunlar tamamilə mifdir. Polip ölçüsündən, formasından, yerləşmə yerindən aslı olmayaraq oradan kəsilib götürülməlidir.

- Poliplər hansı müddət ərzində xərçəngə çevrilə bilər?

- Araşdırmalar göstərir ki, polipin xərçəngə çevrilməsi üçün ortalama 8-10 il qədər zaman lazımdır. Aşkarlanan polipin neçə müddətdir orada olduğunu bilmədiyimiz üçün qarşılaşdığımız zaman onu oradan dərhal kəsib götürməliyik. Bununla da biz həmin xəstənin həyatını xərçəngdən xilas etmiş oluruq. Çünki yoğun bağırsaq xərçəngi 90-95 faiz bir polipdən əmələ gəlir. Eyni zamanda biz onu sığortalamış oluruq. Müəyyən aralıqlarla kontrol müayinələrə çağırırıq. Çünki polipin kökünü yandıraraq götürdüyümüz üçün onun yerindən polip yaranma ehtimalı yoxdur.

 

Saglamolun.Az