KOFE ƏHVALI YÜKSƏLDİR - ELMİ SÜBUT EDİLDİ

ALİMLƏR İZAH EDİR


Alimlər yuxudan oyandıqdan sonra əhval-ruhiyyəni yaxşılaşdırmağın sadə yolunu açıqlayıb. “Scientific Reports” jurnalında dərc olunan araşdırmaya görə, səhər saatlarında qəhvə və digər kofeinli içkilərin qəbulu müsbət emosiyaları nəzərəçarpacaq dərəcədə artırır.
Tədqiqat Almaniyanın Bilefeld Universitetinin alimləri tərəfindən aparılıb və kofeinin gündəlik həyatda insanların emosional vəziyyətinə təsiri öyrənilib. Kofein dünyanın ən geniş yayılmış psixoaktiv maddəsidir və planet əhalisinin təxminən 80 faizi onu müntəzəm olaraq qəbul edir. O, qəhvə, çay, qazlı içkilər və şokoladın tərkibində olur, əsasən yorğunluğu azaltmaq, diqqəti artırmaq üçün istifadə edilir.
Araşdırmada yaşı 18–29 arasında olan 230-dan çox gənc iştirak edib. İştirakçılar iki və dörd həftə ərzində gündə bir neçə dəfə qısa sorğulara cavab verərək son 90 dəqiqədə kofein qəbul edib-etmədiklərini və emosional vəziyyətlərini qiymətləndirib. Nəticələr göstərib ki, kofein qəbulu müsbət emosiyaların artması ilə əlaqəlidir. Bu təsir xüsusilə oyandıqdan sonrakı ilk 2,5 saat ərzində daha güclü olub.
Mütəxəssislər qeyd edib ki, qəhvənin əhvalı yaxşılaşdıran təsiri xüsusilə özünü yorğun hiss edən insanlarda daha aydın müşahidə olunur.

Saglamolun.Az