KOFE ƏHVALI YÜKSƏLDİR - ELMİ SÜBUT EDİLDİ

ALİMLƏR İZAH EDİR


Alimlər yuxudan oyandıqdan sonra əhval-ruhiyyəni yaxşılaşdırmağın sadə yolunu açıqlayıb. “Scientific Reports” jurnalında dərc olunan araşdırmaya görə, səhər saatlarında qəhvə və digər kofeinli içkilərin qəbulu müsbət emosiyaları nəzərəçarpacaq dərəcədə artırır.
Tədqiqat Almaniyanın Bilefeld Universitetinin alimləri tərəfindən aparılıb və kofeinin gündəlik həyatda insanların emosional vəziyyətinə təsiri öyrənilib. Kofein dünyanın ən geniş yayılmış psixoaktiv maddəsidir və planet əhalisinin təxminən 80 faizi onu müntəzəm olaraq qəbul edir. O, qəhvə, çay, qazlı içkilər və şokoladın tərkibində olur, əsasən yorğunluğu azaltmaq, diqqəti artırmaq üçün istifadə edilir.
Araşdırmada yaşı 18–29 arasında olan 230-dan çox gənc iştirak edib. İştirakçılar iki və dörd həftə ərzində gündə bir neçə dəfə qısa sorğulara cavab verərək son 90 dəqiqədə kofein qəbul edib-etmədiklərini və emosional vəziyyətlərini qiymətləndirib. Nəticələr göstərib ki, kofein qəbulu müsbət emosiyaların artması ilə əlaqəlidir. Bu təsir xüsusilə oyandıqdan sonrakı ilk 2,5 saat ərzində daha güclü olub.
Mütəxəssislər qeyd edib ki, qəhvənin əhvalı yaxşılaşdıran təsiri xüsusilə özünü yorğun hiss edən insanlarda daha aydın müşahidə olunur.

Yaşlı insanların tənhaliğına “robo-nəvələr” çarə olur

DEPRESSİYANIN AZALMASINA KÖMƏK EDİR

Cənub Koreyada sürətlə qocalan əhali arasında depressiya və intihar halları artır. 2025-ci ilin iyununda “Journal of the Korean Medical Association”da dərc olunan hesabata görə, ölkədə hər gün təxminən 10 yaşlı insan intihar nəticəsində həyatını itirir. Əmək çatışmazlığı və ailə dəstəyinin azalması fonunda hökumət yeni yanaşmaya – AI əsaslı “Hyodol” adlı yumşaq robot oyuncaqlara müraciət edib.

15–20 düymlük bu “nəvə” robotlar tək yaşayan yaşlılara həm emosional, həm də praktiki dəstək göstərir. Cihaz dərman qəbulu barədə xəbərdarlıq edir, təcili siqinallar göndərir və gündəlik fəaliyyətləri qeydə alır. Əsas üstünlüyü isə onların psixoloji dəstəyi artırmasıdır. Robotun yeddi yaşlı uşaq tonunda danışması yaşlılar üçün ünsiyyəti asanlaşdırır.

2025-ci ilin noyabrına olan məlumata əsasən, ölkədə 12 mindən çox “Hyodol” robotu hökumət proqramları vasitəsilə paylanıb. Tədqiqatlar bu robotların tək yaşayan yaşlılarda depressiyanı azaltdığını, koqnitiv funksiyaları yaxşılaşdırdığını göstərir. Lakin bəzi mütəxəssislər emosional asılılıq və şəxsi məxfiliklə bağlı etik sualların açıq qaldığını bildirir.

 

Mənbə: CNN

Azərbaycanlı alimin kitabı Londonda nəşr edilib

İLHAMƏ CƏFƏRLİNİN YENİ UĞURU

Azərbaycanlı alim İlhamə Cəfərlinin “Disorders of Sex Development” (Cinsi İnkişaf Pozuntuları) və “Androgen Insensitivity Syndrome” (Androgen Həssaslığı Sindromu) mövzularını əhatə edən elmi araşdırmaları Londonda çap olunan “Pediatric Surgical Procedures – An Updated Guide – Volume 2” (Pediatrik Cərrahiyyə Prosedurları – Yenilənmiş Bələdçi – Cild 2) nəşrində yer alıb.

Müəllif Sağlamolun.az saytına bildirib ki, bu kitab onun pediatrik cərrahiyyə sahəsində apardığı çoxillik araşdırmaların geniş elmi xülasəsidir.

Kitabda Cinsi İnkişaf Pozuntuları hallarının erkən aşkarlanması, diaqnostik meyarları və müasir müalicə yanaşmaları elmi materiallara əsaslanaraq izah edilir.

 İlhamə Cəfərli həmçinin araşdırma prosesində ona dəstək göstərən Prof. S. Shehata-ya təşəkkür edib. Nəşr pediatrik cərrahiyyə ilə bağlı yenilənmiş praktiki bələdçi kimi beynəlxalq mütəxəssislər tərəfindən əhəmiyyətli mənbə sayılır.

Xatırladaq ki, Dr. İlhamə Cəfərli 5 kitabın müəllifidir. Həmçinin alim 25-dən çox resenziyadan keçmiş (peer-reviewed) məqaləsi ilə beynəlxalq elmi ədəbiyyatlarda öz xüsusi yerini qazanıb.

Londonda yaradılan Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyasının (AABP) təsisçisi və prezidenti kimi Dr. Cəfərli iki ölkə arasında əməkdaşlıq və bilik mübadiləsinin inkişafına töhfə verir. O, idarəetmə üzrə son ixtisaslaşmasını tamamladığına görə Böyük Britaniyanın Kral Sənədi ilə – mərhum Kraliça II Elizabet tərəfindən verilən rəsmi tanınma ilə təltif olunub.

 Dr. Cəfərlinin digər mühüm nailiyyətlərindən biri də “City of London” Təhsilçilər Şirkətinə Freeman (azad üzv) statusu ilə qəbul edilməsidir.

Mənbə: IntechOpen, 2025.

Bağirsaq xəstəliklərini kolonoskopiyasiz aşkarlayan yeni texnologiya

MAQNETİK HİDRAGELƏ YERLƏŞDİRİLMİŞ BİOSENSORLAR SÜRƏTLİ DİAQNOSTİKA TƏQDİM EDİR

 

Alimlər bağırsaq xəstəliklərinin ultrasürətli aşkarlanması üçün MagGel-BS adlı yeni diaqnostik platforma təqdim ediblər. “ACS Sensors” jurnalında yayımlanan tədqiqatda bakterial bioloji sensorların maqnit xüsusiyyətli, biouyğun hidragel kapsullarına yerləşdirilməsi ilə xəstəlik markerlərinin cəmi bir neçə dəqiqəyə müəyyən olunduğu bildirilib.

Əvvəllər bu sensorların ağızdan qəbulu onların mədə turşusunda tez məhv olması və bağırsaq mikrobiotası ilə qarşılıqlı təsir riski səbəbindən məhdud idi. Yeni hidragel strukturu isə bakteriyaların mədə mühitində 10 dəfə daha dayanıqlı olmasına və nəticələrin dəqiqliyinin əhəmiyyətli dərəcədə artmasına imkan verib.

Siçanlar üzərində aparılan sınaqlarda MagGel-BS bağırsaq qanaxmasını 20 dəqiqəyə aşkar edib. Bu göstərici adi biosensorlarla saatlar tələb edirdi. Platforma immun reaksiyaya səbəb olmayıb və heç bir yan təsir yaratmayıb.

Tədqiqatçılar hesab edir ki, bu tip hidragel kapsullar gələcəkdə bağırsaq xəstəliklərinin təhlükəsiz, qeyri-invaziv və sürətli diaqnostikasında yeni mərhələ yarada bilər.

 

Mənbə: ACS Sensors

Bu pəhriz cinsi fəalliığı yaxşılaşdırır

 

Yeni sistematik baxış və meta-analiz nəticəsində məlum olub ki, sağlam, xüsusilə də iltihabəleyhinə təsirə malik “Aralıq dənizi” pəhrizi çanaq dibi disfunksiyası və seksual pozuntuların qarşısının alınmasında mühüm rol oynayır. “Frontiers in Nutrition” jurnalında dərc olunmuş tədqiqatda 31 elmi işin nəticələri təhlil olunub.

Tədqiqat nəticələri göstərib ki, Aralıq dənizi və digər iltihabəleyhinə pəhrizlər seksual funksiyanın yaxşılaşması və sidik qaçırma əlamətlərinin azalması ilə əlaqəlidir.

Həmçinin bildirilib ki, sağlam pəhrizlərin təsiri, xüsusilə metabolik sindromu olan şəxslərdə daha güclü olur. Əldə olunan nəticələr həkimlərin çanaq dibi disfunksiyasından əziyyət çəkən insanlara dietoloji məsləhətlər verməsini zəruri