Həyatının ilk birinci ayında uşaq artıq çox şey bacarır. Rəngarəng oyuncağın hərəkətini izləyir, böyüklərin səsinə və oyuncaqların şaqqıltısına reaksiya verir, 10-15 san. ərzində diqqətlə qulaq asır, ananın mehriban müraciətinə gülümsəyir.
Ən əsası - qarnı üstə uzanarkən başını qaldırır, təxminən 10 saniyə bu vəziyyətdə saxlayır, başını geri atır və bunu təkrar etməyə səy göstərir (3-4 ayında uşaq başını şaquli vəziyyətdə böyüklərin qucağında tuta bilməlidir).
Kürəyi üzərində uzanan 2 aylıq uşaq onun üstündə döş nahiyəsində 50-70 sm məsafədə asılmış oyuncaqlara baxır. Məsafə bundan az olmamalıdır; bu gözlər üçün zərərlidir.
3 ayında artıq uşaq oyuncaqlara tərəf dartınır, onları özünə tərəf çəkmək istəyir. Oyuncaqlar rəngarəng, səsli olmalıdır.
4 ayından başlayaraq uşaq əşyaları gözü ilə izləməyə bacarır, başını 1800 çevirə bilir, ucadan gülür, anasını tanıyır, onu görəndə sevinir. Valideynləri tərəfindən fəal şəkildə dindirilən uşaq 4-5 ayında intensiv təmasda olur, oyaq vaxtı tək olarkən uzun-uzadı ayrı-ayrı səslər çıxarır.
5 ayından başlayaraq uşaq artıq tanış və tanış olmayan adamların səsini ayırd edir, mülayim və sərt intonasiyaları seçir və müxtəlif reaksiya verir, oyuncağı əlində tutur, ağzına salır.
6 ayında qaşıqdan yeyir, fincandan içməyə başlayır, öz adına reaksiya verir. Çox uşaqlarda 6-12 aylarında özgələrdən qorxu hissi əmələ gəlir. Bu vaxta qədər mehriban olan uşaq hamıdan, hətta yaxınlarından da çəkinir, yalnız anasına etibar edir. Bu münasibətlərdən bütün uşaqlar keçir və burada qorxulu, təhlükəli bir şey yoxdur. Bu hal tədricən keçib gedir. Hövsələnizi toplayıb körpənizə kömək edin. Yaxınları, baba-nənələri xəbərdar edin ki, onlar körpə ilə görüşən zaman sevinc hissi ilə onun üstünə atılmasınlar. İkincisi, böyüklərlə görüşən zaman ana baxışları ilə, hərəkətləri ilə uşağa başa salmalıdır ki, «xala və əmilər» yaxşı adamlardır və körpəni çox istəyirlər. Ananın davranışından çox şey asılıdır. Beləliklə, ana öz körpəsini özünəqapanmadan qurtararaq, ətrafdakılarla açıq şəkildə davranmasına yardım edə bilər.
6 ayında uşaq qığıldamağa başlayır, dodaqlarının köməyi ilə «b», «m», samitlərini, «ba», «ma» hecalarını deyir.
7 ayında o, iməkləyir. İməkləmək dayaq apparatını bərkidən elementlərdən biridir. İməkləyərkən körpə kürək əzələlərini, ağ ciyərlərini bərkidir, ətraf mühiti müşahidə edir.
8 ayında uşaq müstəqil əyləşə bilir. Onu yastıqlara söykəndirib otuzdurmayın - bu zərərdir!
9 aydan dayaqdan tutaraq ilk addımları atır. Uşaq ilk sərbəst addımlarını atandan sonra ağacayaqdan (“xodunki”) istifadə etmək olar. Əgər uşaq nə yeriyə, nə də ayaq üstə dayana bilmirsə, ağacayaqdan istifadə etmək olmaz. Bu zaman onun hərəkət aparatının fizioloji inkişaf prosesi pozulur.
11 ayında uşaq köməksiz 20-30 san. ərzində dayana bilir və dayaqsız ilk addımlarını atır. Bu vaxt uşaq artıq böyüklərdən eşitdiyi bəzi hecaları təkrar edir, «mama», «bəbə», «ver», «al» sözlərini tələffüz edir. Vaxtında qaşıqla yeməyə və fincandan içməyə öyrədilən uşaq daha tez danışmağa başlayır. 11-12 ayında körpə «olmaz» sözünü başa düşür.
1 yaşında uşaqların əksəriyyəti sərbəst addımlayır, istiqamətini dəyişir, dayanır.
Saglamolun.Az